Sovet dövründə Azərbaycanın siyasi elitasında milliləşmə problemləri-dördüncü hissə
Sovet dövründə Azərbaycanın siyasi elitasında milliləşmə problemləri-dördüncü hissə
24.02.2023 Adıgözəl Məmmədov Tərəfindən

İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin bu gizli məhcullarına gün işığı tutan “BÖYÜK AZƏRBAYCAN NAMİNƏ BAĞIR SEYİDZADƏ” kitabı bu yaxınlarda oxucuların ixtiyarına veriləcək. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, diplomat, jurnalist, tərcüməçi Bağır Mirqasım oğlu Seyidzadənin həyat yolundan bəhs edir. 1950-ci illər elə dövr idi ki, artıq bu zamandan başlayaraq Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi.Kitabda bu mövzudan geniş bəhs edilir.

Amma unutmaq lazım deyil ki , Mir Cəfər Bağırova qarşı məhz bu zaman Moskvada ciddi kampaniya başlamışdı, ona  heç bir halda reportriant (ermənilərin Sovet Ermənistanına geri qayıdışı ilə   bağlı) siyasətinə qarşı olan mövqeyini   bağışlamırdılar. Bildiyimiz kimi,  reportriant siyasəti Moskvanın Şərqi Anadolu lahiyəsənin tərkib hissəsi idi. Moskvada Mikoyan, Beynəlxalq aləmdə dünyanın ən varlı insanı Qalust Gülpəkyan (Calouste Sarkis Gulbenkian (1869-1955) ) o dövrün geopolitik konyukturasından maksimum istifadə etməyə çalışırdılar.

Dünyanın bir çox ölkələrindən Gülpəkyan fondunun dəstəyi ilə Ermənistana daha çox daşnak  ermənilər qaytarılırdı. Bu gələcəkdə ermənilərin  Şərqi Anadoluda sovet dövlətinin iddia etdiyi ərazilərdə  yerləşdirilməsi üçün hazırlıq proqramının tərkib hissəsi idi. Faciə burasındaydı ki, bu o, Gülpəkyan ailəsi idi ki, Osmanlı Milli Bankının səhmlərinin 30 faizinə malik olmuşdu. Əbdül Həmid dövründə “Türk Petrol Şirkətini” qurmuş və imperiyanın bütün neft yataqlarına yiyələnmişdi. Sonradan ingilislərlə iş birliyinə girərək  “Türk Petrol Şirkətini” onlara satmış və “BP” neft şirkətinin təsisçisi kimi iştirak etmişdi. Müharibənin ağır illərində Stalinin razılığı ilə Ermitajın bir-çox əsərlərini almışdı. Bu dəfə isə doğulub boya – başa çatdığı, milyonlara sahib olduğu Türkiyəyə qarşı  (əlbəttə Mikoyanın vasitəsilə) Stalinin istilaçı layihəsinə qoşulmuşdu (onu da qeyd etmək istəyirəm ki, bu fond bu gün də fəaliyyətdədir və Azərbaycan ərazisində olan qondarma rejimə ciddi dəstək verir, dediklərimin təsdiqi üçün bu link (https://gulbenkian.pt/en/the-foundation/calouste-sarkis-gulbenkian/)vastəsilə fondun rəsmi səhifəsinə girib tanış ola bilərsiniz–A.M.).  Mir Cəfər Bağırovun 1948-ci ildə Stalinə ünvanladığı məktubda o  daşnakların həyata keçirdiyi bu siyasəti ifşa edir və təhlükəni Stalinin nəzərinə çatdırırdı.

1947-ci ildən başlayaraq xalqımızın əzəli və əbədi torpaqlarından deportasiya olunması hadisəsinin şahidi kimi, Azərbaycan Nazirlər Sovetinin sədri Teymur Quliyevin qızı Minarə xanım mənə danışırdı ki  :“Stalin ABŞ-ın türklər vasi­tə­silə Qafqazda yaşayan xalqları milli-azadlıq hərəkatı adı altında antisovet  proseslərinə qoşa biləcəyindən ehtiyatlanırdı. Bu fakt Stalini çox na­rahat edirdi. Mikoyan da öz erməni xisləti ilə Stalinin bu na­ra­hat­lığından məharətlə istifadə edirdi.

1947-ci ilin qışı  idi, M.C.Bağırov zəng edib atamı yanına çağırdı. Biz gecə yarısı olan bu zəngdən çox qorxmuşduq. Sonra atam bizə danışırdı ki, mən M.C.Bağırovun qəbuluna getdim və içəri girdikdə Bağırovu çox narahat halda otaqda var-gəl edən gördüm.  O, mənə L.P.Beriya­nın zəngi barədə məlumat verdi və Sta­li­nin ondan azərbaycanlıların yurd-yuvalarından deportasiya­sına müsbət cavab vermək istədiyini bildirdi. L.P.Beriya Bağırova dərhal Kremlə gəlməyini məs­­ləhət görmüşdü.Bağırov bir müddət susduqdan sonra qarşısında duran masanın si­yirməsini çəkərək öz şəxsi tapançasını götürdü və dedi:

- Mən Moskvaya, Kremlə, Stalinlə görüşə gedirəm. Beriya kö­mək edəcəyinə boyun olub. Əgər Stalini razı sala bilməsəm, -  de­yə­rək, bir müddət susdu...

Bağırov Stalinlə təkbətək görüşür və həmin görüşdəki söhbət bizə məlum deyil, ancaq nəticəsi xalqımız üçün əhəmiyyətli olur. Yəni, azərbaycanlılar öz doğma torpaqlarından büsbütün sürgün olunmurlar”.

Lakin Stalin Bağırovun bu hikkəli davranışını həzm edə bilməzdi. Ona görə də o, Bağırovu “məcburi məzuniyyətə” göndərir. Mərkəzi Komitənin ikinci katibi Mirhəsən Seyidov xatırələrində yazır  ki (“Tam Məxfi-Mirhəsən Seyidov xatirələr”əlyazma ): “1947-ci il zahirən sakit, lakin faciəvi başladı. Bir sözlə, siyasi arenada su getdikcə daha da bulanırdı. Artıq  müharibə illərindən başlayaraq  A.İ.Mikoyan Stalini ermənilərin Yaxın Şərq ölkələrindən kütləvi şəkildə Ermənistana reportasiyasının vacibliyinə  inandıra bilmişdi. Ermənistanda olan azərbaycanlıları gələcəkdə Azərbaycana deportasiya etmək ümidi ilə Suriya, Livan və s. ölkələrdən ermənilərin Ermənistana gəlişləri təşviq olunurdu. 1947-ci ilin oktyabrında Azərbaycan KP MK-nın birinci katibi Bağırovun gözlənilmədən məzuniyyətə buraxılması barədə  Sovet İttifaqı MK Siyasi Bürosunun qərarı (protokolunu) gəldi. Noyabrın 1-də Azərbaycan SSR KP MK-nın Bürosu toplandı, Bağırov bu qərarı elan etdi və bildirdi ki, Sov.İKP MK-nın göstərişinə əsasən, MK-nın birinci katibinin vəzifələri Mərkəzi Komitənin ikinci katibinə həvalə edilir. Yəni mənə - bu sətirlərin müəllifinə.  Beləliklə, il Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi ilə bağlı acı xəbərlə başa çatdı. Bu, Azərbaycan xalqının həyatında növbəti faciə idi. Bu sadə olmayan hadisənin çətinlikləri və fəsadları çox idi. Partiya təşkilatı, respublika hökuməti bu problemlə daim, hər gün məşğul olsa da, itkilər, neqativ hallar çox idi. Bütövlükdə qiymətləndirildikdə, bu, respublikanın taleyində qarşıda bizim üzləşə biləcəyimiz  xoşagəlməz hadisələrdən xəbər verirdi. Respublikanın özünün və onun rəhbər kadrlarının taleyində dərin iz buraxan, çoxlu bəlalar gətirən 1948-ci il başladı”. Məhz 1948-ci ildən başlayaraq xüsusən Ermənistanın Türkiyə ilə sərhədində məskunlaşan azərbaycanlıların öz doğma yurdlarından de­portasiyasına start verildi. Bu 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli qərarına uyğun həyata keçirilirdi.

Qərar aşağıdakı şəkildə idi (ARPİİİSSA F.1.Siy.33,S.V.326.):

1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kol­xoz­­çu və başqa azərbaycanlı əhali könüllülük əsasında Azər­bay­can SSR-in Kür-Araz ovalığına köçürülsün; onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər – 1949-cu ildə və 50 min nə­fər – 1950-ci ildə.

Azərbaycan SSR və Ermənistan Nazirlər sovetlərinə tap­şı­rılsın:

a)  kolxozçular və digər azərbaycanlı əhali arasında Azər­baycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlətin yaratdığı şə­ra­iti və verdiyi güzəştlər barədə izahetmə işləri təşkil edilsin;

b) kolxozların köçkün kolxozçulara, onların yola düşməsinə 10 gün qalmasından gec olmayaraq, qazandıqları əmək gün­lərinin kol­xozların istehsalat planları ilə nəzərdə tutulmuş ölçülərdə haqq-hesab təmin edilsin;

v) köçkünlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qa­ra­­nın və quşların daşınması təmin edilsin;

3. Nazirliklərin və baş idarələrin, idarə və müəssisələrin rəh­­­­bərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçən şəxsləri iş­dən azad etsinlər.

4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüləcək azərbaycanlı əhali üçün aşağıdakı güzəştlər təyin edilsin:

a) köçürülən hər ailəyə iki ton ev əşyasını və kənd təsərrüfatı hey­van­larını aparması üçün dövlət hesabına pulsuz gediş təmin edil­sin;

b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüləcək kolxozçulara, məc­bu­ri süd tədarükü üzrə güzəşt istisna olmaqla, “Kənd təsər­rüfatında kö­çür­mə işləri üzrə güzəştlər haqqında” SSRİ Mərkəzi İcraiyyə Ko­mi­tə­si­nin və SSRİ Xalq Komissarları Şurasının 1152043 nömrəli Qərarı şamil edilsin;

v) köçmə zamanı köçkünlərin ailələrinə qaytarılmaq şərtilə ailə baş­çısına 1000 manat və ailənin hər bir üzvünə 300 manat məb­lə­ğin­də müavinət verilsin;

q) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülmüş ailələrə məs­kunlaşdığı yerlərdə ailə başçısına 1,5 sentner nağd hesabla ərzaq-taxıl satılsın.

5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ova­lı­ğına köçürülən azərbaycanlı əhaliyə məskunlaşacağı yerlərdə mü­badilə qəbzləri əsasında həmin miqdarda məhsul və mal-qa­ra almaq hüququnu saxlaması ilə, tərk etdikləri yerlərdə tə­da­rük təşkilatlarına kənd təsərrüfatı məhsullarını (taxıl, kar­tof), habelə karantin şərtlərinə görə daşınması qadağan edil­miş mal-qaranı təhvil verməsinə icazə verilsin.

6. Kənd təsərrüfatı bankına tapşırılsın:

a) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərdən eh­ti­yacı olan hər təsərrüfata ev tikmək və həyətyanı tikinti üçün 20 min manat məbləğində, kreditin alındığından üç il sonra baş­layaraq, 10 il müddətində ödəməklə kredit verilsin;

b) Ehtiyacı olan köçkünlərə- hər ailəyə, ssuda alındıqdan sonra, üçün­cü ilindən başlayaraq, 5 il müddətində ödənilməklə, mal-qara al­maq üçün 3 min manat məbləğində uzunmüddətli ssuda verilsin.

7. Dəmir Yolları Nazirliyinə bir vəzifə olaraq tapşırılsın:

a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri əsasında azər­­baycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə daşınması xüsusi düzəldilmiş eşelonlarla, dezinfeksiya edilmiş və avadanlıqla təchiz olunmuş vaqonlarla təmin edilsin;

b) Köçkünlərin köçdükləri yerlərdə vaqona görə ödəniş tu­tul­ma­dan Dəmir Yolları Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafik üzrə Yollar İdarəsi vaqonların göndərilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesabı Dəmir Yol İdarəsi tərəfindən təqdim edilmiş hesabdan mərkəzləşdirilmiş qaydada ödənilsin.

8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, çıxış yerlərində bütün köçkünlərin tibbi müayinədən keçirilməsini və on­la­ra yolboyu tibbi-sanitar xidmətin göstərilməsini təmin etsin.

Eşelonları müşayiət etmək üçün tibb işçiləri və lazimi dərman ayrılsın.

SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR-nin 1948-ci il büdcəsində Ermənistan SSR-dən azər­bay­can­lı əhalinin Azərbaycan SSR-yə köçürülməsini təmin etmək üçün lazımi xərcləri nəzərdə tutsun.

Ermənistan SSR-nin Nazirlər Sovetinə və Azərbaycan SSR-nin Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən kö­çürülən əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına kö­çürülməsini və orada yerləşdirilməsini təmin etmək üçün bu qərarın icrası ilə əlaqədar olaraq bir ay müddətində birgə konkret tədbirlər planı işləyib hazırlasın və bu barədə SSRİ Nazirlər Sovetinə məlumat versinlər.

Ermənistan SSR-nin Nazirlər Sovetinə icazə verilsin ki, azər­baycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistan SSR-yə gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.

İ.STALİN

Y.CADAYEV

SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri

Bütün bu proseslərə start verməklə Stalin sanki M.C.Bağırova başa salmaq istəyir ki, burada söz sahibi mənəm, lazım gələrsə, sə­ni də tapdalayıb keçərəm. Lakin Stalin M.C.Bağırova hörmət və qiymət verdiyindən ona to­xunmur və onu dörd ay yarımdan sonra yenidən Azərbaycan rəh­bər­li­yi­nə geri qaytarır. Sözsüz ki, bu qayıdışda L.P.Beriyanın rolu əhə­miy­yətli dərəcədə böyük olur.

Ardı var

visiontv.az