Siyasi fəal Nasir Rəzmcu Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb
02.12.2023

Hüquq müdafiəçiləri siyasi fəal Nasir Rəzmcunun təqribən 40 gün həbsdən sonra noyabrın 30-da müvəqqəti olaraq sərbəst buraxıldığına dair məlumat yayıblar.

Ərdəbil sakini olan Hüseyn Rəzmcu oktyabr ayının 21-də İranın kəşfiyyat məmurları tərəfindən nəzarət altına alındıqdan sonra Kəşfiyyat Nazirliyinin Təbrizdəki təcridxanasına göndərilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News kimi mənbələrin bildirdiyinə görə, Rəzmcu cümə axşamı günü 500 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Nasir Rəzmcunun mühakimə prosesi davam edəcək. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Rəzmcuya qarşı Təbrizdə sentyabr ayından bəri nəzarət altına alınmış digər fəallarla birlikdə məhkəmə işi başladılıb.

Keçən sentyabr ayından bəri Təbrizdə saxlanılan türk fəallar Murtuz Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb. Daha sonra başqa fəallar, o cümlədən Yürüş Mehrəlibəyli və Hamid Yeganəpur da həbs edilərək Təbrizdəki kəşfiyyat təcridxanalarına göndəriliblər.

Saxlanılan fəallardan bir neçəsi keçən günlərdə, öncə kəşfiyyat qurumundan Təbrizin Mərkəzi həbsxanasına köçürülüb və oradan müvəqqəti olaraq sərbəst buraxılıblar. Bəzi mənbələr fəalların Urmiyə gölü üçün təşkil olunan etiraz kampaniyaları ilə əlaqədar təqib və mühakiməyə məruz qaldıqlarını önə çəkirlər.

visiontv.az