Şirvanda məktəblilər narkotik asılılığının fəsadları barədə maarifləndirilib
12.10.2025

Şirvan şəhərində 13 və 16 saylı orta məktəblərin yuxarı sinif şagirdləri üçün narkotik vasitələrin yaratdığı təhlükələrə həsr olunmuş maarifləndirici tədbirlər təşkil edilib.

Visiontv.az xəbər verir ki, “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində keçirilən görüşlərdə 9–11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə narkotik vasitələrin yeniyetmələrin sağlamlığına, təhsil həyatına və sosial münasibətlərinə mənfi təsirləri diqqətə çatdırılıb. Şagirdlərə zərərli vərdişlərin insanın gələcək planlarına və ailə həyatına yarada biləcəyi problemlər barədə məlumat verilib, asılılığın qarşısının alınmasında düzgün qərarların rolundan danışılıb.

Görüşlərin proqramına narkomaniyanın fəsadlarını əks etdirən sosial çarxların və maarifləndirici filmlərin nümayişi də daxil edilib. Psixoloqların iştirakı ilə aparılan müzakirələr zamanı yeniyetmələrin çətin vəziyyətlərdə düzgün seçim etməsi, mənfi təsirlərə qarşı dayanması və psixoloji möhkəmliyini qoruması məsələləri müzakirə olunub.

Məktəblilərin mövzuya marağını artıran məqamlardan biri də narkotik asılılığı yaşamış şəxslərin çıxışları olub. Onlar şəxsi təcrübələrini bölüşərək asılılığın səbəb olduğu çətinliklər, həyatlarına təsiri və bu vəziyyətdən çıxmaq üçün keçdikləri yol barədə danışıblar.

İctimai Birliyin sədri Nail Kəmərli qeyd edib ki, yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi narkomaniyanın profilaktikasında mühüm rol oynayır. O vurğulayıb ki, real həyat nümunələri və əyani materiallar vasitəsilə gənclərə narkotik vasitələrdən uzaq durmağın əhəmiyyətini çatdırmaq əsas hədəflərdəndir.

Qeyd edək ki, “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində məktəblilərin məlumatlandırılması istiqamətində tədbirlərin Bakı ilə yanaşı, ölkənin digər şəhər və rayonlarında da davam etdirilməsi planlaşdırılır.