Çin lideri Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirəcək. Bəzi şərhçilər bu görüşü artıq “İkinci Yalta” adlandırıb və dünyanın yenidən bölüşdürüləcəyini iddia edirlər. Sual isə sadədir. Bu üç lider həqiqətən də 1945-ci ildə Ruzvelt, Çörçill və Stalin kimi dünyanı bölmək gücünə malikdirmi?
Qısa cavab versəm Xeyr.
Dünya artıq o dünya deyil. Liderlər də o liderlər deyil. Yalta konfransını anlamaq üçün o dövrün şərtlərini xatırlamaq lazımdır. İkinci Dünya müharibəsi Avropanı və Asiyanı tamamilə məhv etmişdi. Almaniya və Yaponiya təslim olmuşdu. Qaliblərdən başqa qərar verəcək heç kim yox idi. Cəmi 3 güc mərkəzi var idi. ABŞ, SSRİ və Böyük Britaniya. Qalan ölkələr ya işğal altında idi, ya da iqtisadi cəhətdən tamamilə asılı idilər. BMT və beynəlxalq hüquq sistemi faktiki olaraq yox idi. Qaliblər nə desə, o da qanun idi. Liderlər mütləq gücə sahib idi. Stalin SSRİ-də tək diktator idi. Ruzvelt müharibə dövrü prezidenti idi, Konqres ona demək olar ki, hər şeyə icazə verirdi. Çörçill də müharibə kabinetinin lideri idi. Yəni Yaltada dünya boş vərəq idi və qələmi 3 nəfər tuturdu. İndi vəziyyət tamamilə fərqlidir. Birincisi, güc artıq 3 ölkədə cəmləşməyib. Avropa İttifaqı 450 milyonluq əhalisi olan dünyanın ən böyük ticarət blokudur. Almaniya, Fransa olmadan Ukraynanın taleyi barədə qərar vermək mümkün deyil. Hindistan, 1.4 milyard əhalisi olan dünyanın 4-cü ən böyük iqtisadiyyatıdır. Hindistan nə ABŞ-ın, nə Çinin, nə də Rusiyanın vassalıdır. Yaponiya, Cənubi Koreya, Türkiyə, Səudiyyə Ərəbistanı, Braziliya, İndoneziya, hamısı özünün regional oyununu oynayır. 1945-ci ildə Ukraynanı masada müzakirə etmək olardı, çünki Ukrayna SSRİ-nin tərkibində idi. 2026-cı ildə Ukraynanı Kiyevsiz müzakirə etmək mümkün deyil. Zelenski masada olmasa, heç bir razılaşma olmayacaq. İkincisi, iqtisadiyyat bir-birinə bağlıdır.1945-ci ildə ABŞ və SSRİ iqtisadi cəhətdən bir-birindən demək olar ki, asılı deyildi. İndi ABŞ və Çin bir-birindən o qədər asılıdır ki, birinin çökməsi digərini də çökdürər. Çin ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. ABŞ-nin texnologiya şirkətləri Çin bazarından asılıdır. Çin isə ABŞ dollarından asılıdır. Üçüncüsü, nüvə silahı hər şeyi dəyişib. 1945-ci ildə ABŞ-nin nüvə monopoliyası var idi. İndi 9 ölkənin nüvə silahı var. Üç lider Pekində “nüvə silahını azaldaq” desə belə, Fransa, Hindistan, Pakistan buna əməl etməyə məcbur deyil. Onlar masada yoxdur. Yalta dövründə 3 ölkə qərar verib hamını məcbur edə bilirdi. İndi 3 ölkə qərar versə, qalan 6 nüvə dövlətinin buna müsbət cavab verməsi sual altındadır. O ki qaldı indiki liderlərin Ruzvelt, Çörçill, Stalin qədər güclü olmasına…
Burada da fərq böyükdür. Donald Tramp ABŞ-da prezident kimi güclüdür, amma mütləq deyil. Konqres, məhkəmələr, media, ştatlar onun qərarlarını dayandıra bilər. O, Ukraynaya yardımı təkbaşına dayandıra bilməz, İranla müharibəni təkbaşına başlaya bilməz. Vladimir Putin, Rusiyada güclü liderdir, amma 1945-ci ildəki Stalin deyil. Rusiya iqtisadiyyatı da SSRİ-nin iqtisadiyyatı deyil. Rusiya sanksiyalar altında, texnoloji cəhətdən asılı vəziyyətdədir. Putin Ukraynada 3 ildən çoxdur istədiyi nəticəni əldə edə bilmir. Bu, onun gücünün sərhədini göstərir. Si Cinpin, Çin tarixində ən güclü liderlərdən biridir. Amma Çinin də öz problemləri var. İqtisadi yavaşlama, əmlak böhranı, gənclər arasında işsizlik, Tayvan məsələsi və sair. Si dünyanı idarə etməkdən çox, Çinin daxili vəziyyətini stabil saxlamaqla məşğuldur. Yəni üç liderin heç biri 1945-ci ildəki kimi “ölkəmin adından hər şeyə qərar verirəm” deyə bilmir. Bu baxımdan Pekin görüşü mənasız olmasa da “Yalta” da deyil. Dünya artıq çoxqütblüdür və heç bir üçlük bu çoxqütblülüyü bir masa arxasında ləğv edə bilməz.