İran rejimi özünü dünyaya daim belə təqdim edir ki, biz ədalətli dövlətik, biz məzlumların himayəçisiyik, biz İslam əxlaqının qoruyucusuyuq. Amma “Iran Wire” nəşrinin keçmiş məhbuslarla hazırladığı hesabat bu nağılı bir tikə çörəklə dağıdır.
Nəşr yazır ki, Tehran və Evin zindanlarında məhbuslar bir-birindən çörək dilənir. Bəli, yanlış eşitmədiniz. Neft ölkəsində, qaz ölkəsində, regionun dırnaqarası super gücü olduğunu iddia edən ölkədə adamlar həbsxanada ac qaldığı üçün digər məhbusdan bir tikə çörək istəyir. Hesabata görə, zindanda yemək hamıya eyni paylanmır. Bəziləri ətini, əsas hissəsini götürür, digərlərinə ancaq şorba suyu qalır. Bu, əslində İrandakı sistemin özüdür. Çöldə də belədir. Bir qrup yeyir, bir qrup baxır. Çöldə molla və onun ətrafı milyardları yeyir, içəridə isə “xüsusi” məhbuslar yeməyin ətini yeyir. Digərlərinə isə şorba suyu qalır. Yəni rejim həbsxananı da cəmiyyətin kiçik modeli kimi qurub. Yuxarıda yeyənlər, aşağıda dilənənlər. Fərq bircə budur ki, çöldə adam heç olmasa küçədə dilənə bilir, içəridə isə kamerada dilənir. Keçmiş məhbuslar nəşrə deyib ki, son aylarda iqtisadi vəziyyət pisləşib, kənardan dəstəyi olmayan məhbuslar daha ağır vəziyyətə düşüb. Bu, çox vacib detaldır. Yəni İran həbsxanasında dövlət səni saxlamır, sənin ailən saxlayır. Ailən sənə pul göndərə bilmirsə, deməli sən ac qalacan. Dövlət səni həbs edir, sonra da deyir ki. yeməyini özün tap. Bunun harası İslamdır? Harası ədalətdir? Adamı həbs edirsən, sonra onu ac saxlayırsan. Və sonra da deyirsən ki. biz İslam cümhuriyyətyik. Əgər bu İslamdırsa, onda kafir ölkələrin həbsxanaları niyə daha insaflıdır? Hesabatın ən acı hissəsi budur ki, məhbusların hazırladığı əl işləri bəzən zorla əllərindən alınır.Yəni adam kamerada oturub nəsə düzəldir ki, bir tikə çörək pulu qazansın. Onu da əlindən alırlar. Bu, artıq cəza deyil, bu, soyğunçuluqdur. Adamı divarlar arasına sal, çörəyini kəs, sonra əl işini də al, sonra de ki, tövbə elə. Görünür rejim üçün məhbus islah olunacaq insan deyil, istifadə olunacaq pulsuz işçi qüvvəsidir. Mənbələr deyir ki, xəstə məhbuslara müalicə əvəzinə tez-tez sakitləşdirici və yuxu dərmanı verilir. Bu isə narkotik asılılığını artırır. Yəni sistem belə işləyir. Adam xəstədir, onu müalicə etmə, onu yatırt. Adam etiraz edir, onu dinləmə, onu yatırt. Adam acdır, ona çörək vermə, ona yuxu dərmanı ver, yatsın, acdığını hiss etməsin. Bu, tibb deyil, bu, zombiləşdirmədir. İran rejimi küçədə də eyni üsulla işləyir. Problemi həll etmir, problemi yatırdır. İqtisadiyyat çöküb, insanları həbs et. İnsanlar etiraz edir, interneti bağla. Məhbus xəstədir, ona yuxu dərmanı ver. Yəni hər şeyin həlli yatırtmaqdır. İran rejimi hər gün televiziyada Qəzza haqqında, Livan haqqında, Yəmən haqqında danışır. Biz məzlumları müdafiə edirik deyir. Amma öz zindanında öz vətəndaşı çörək dilənir. Sən əvvəlcə öz məhbusuna bir tikə çörək ver, sonra gedib dünyanı xilas edərsən. Ən böyük ironiya isə budur ki, rejim deyir ABŞ sanksiyaları bizi çökdürür. Amma sanksiya Evin zindanında yeməyin ətini oğurlamır. Sanksiya məhbusun əl işini əlindən almır. Sanksiya xəstəyə yuxu dərmanı yazmır. Bunu rejimin özü edir. Bir ölkənin əxlaqını onun sarayları yox, onun zindanları göstərir. Və İranın zindanları bu gün göstərir ki, bu sistem artıq insanları cəzalandırmır, onları sındırır. Çörək dilənən məhbus bu, sadəcə aclıq hekayəsi deyil. Bu, rejimin çökmə hekayəsidir. Çünki dövlət o gün çökür ki, həbsxanada belə adamına bir tikə çörək verə bilmir.
Şöhrət El-Dəniz
visiontv.az