Şəhər sakinlərinin narkomaniya ilə bağlı fikirləri öyrənilib
10.09.2025

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi həyata keçirdiyi layihə çərçivəsində şəhər sakinləri arasında narkotik vasitələr və zərərli asılılıqlarla bağlı sosial sorğu təşkil edib

 

.

Visiontv.az xəbər verir ki, ictimai təşəbbüs aksiyası çərçivəsində 100-dən çox şəxslə sorğu aparılaraq onların narkomaniya və digər zərərli asılılıqlar barədə məlumatlılıq səviyyəsi, eləcə də bu problemlərə münasibəti araşdırılıb.

Təşəbbüsün əsas məqsədi cəmiyyətin narkomaniya ilə bağlı mövqeyini öyrənmək, mövcud məlumatlılıq səviyyəsini qiymətləndirmək və maarifləndirmə işlərinin daha da gücləndirilməli olduğu istiqamətləri müəyyənləşdirməkdir.

Sorğu zamanı iştirakçılara narkomaniya ilə bağlı müxtəlif suallar ünvanlanıb. Onlardan narkoman anlayışı, narkomaniyanın hansı yaşlarda başlaya bilməsi, bunun xəstəlik olub-olmaması, narkotik asılılığından xilas olma imkanları və problemin qarşısını almaq üçün zəruri maarifləndirici tədbirlər barədə fikirlərini bölüşmək istənilib.

Sakinlərin cavabları cəmiyyətdə narkomaniya ilə bağlı düşüncələrin və məlumatlılıq səviyyəsinin öyrənilməsi baxımından əhəmiyyət daşıyıb. Bununla yanaşı, narkotik asılılığının yaranma səbəbləri, narkotik vasitələrə münasibət və problemin profilaktikası ilə bağlı yanaşmalar da araşdırılıb.

İctimai Birlikdən bildirilib ki, bu cür sorğuların məqsədi yalnız statistik məlumat toplamaqla məhdudlaşmır. Əsas hədəf cəmiyyətin mövcud mövqeyini təhlil etmək və gələcək maarifləndirmə tədbirlərini insanların ehtiyaclarına uyğun şəkildə təşkil etməkdir.

Sorğu çərçivəsində səsləndirilən fikirlər narkomaniya ilə mübarizədə maarifləndirmənin vacibliyini bir daha ön plana çıxarıb. Problemin qarşısının alınması üçün hüquqi və tibbi tədbirlərlə yanaşı, ailələrin, təhsil müəssisələrinin, ictimai təşkilatların və bütövlükdə cəmiyyətin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi narkotik vasitələrə və digər zərərli asılılıqlara qarşı mübarizə, xüsusilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Layihə çərçivəsində keçirilən sorğuların nəticələrinin növbəti fəaliyyətlərin planlaşdırılmasında nəzərə alınması nəzərdə tutulur.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.