Rusiyada müsəlman miqrantların küçədə namaz qılması narazılıq yaradır
12.11.2025

Ötən ay Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində bir avtobus sürücüsü dayanacaqda namaz qıldığı üçün istintaqa cəlb edilib. O, namaz qılarkən sərnişinlər avtobusda gözləyirdi.

Orta Asiyadan miqrant olduğu güman edilən həmin şəxsin sonradan heç bir qanun pozuntusuna yol vermədiyi, həmin vaxt fasilədə olduğu müəyyən edilib. Amma onun namaz qılmasının videosu Rusiyada onlayn qəzəbə səbəb olub.

Rusiyada ortaasiyalı miqrantlar daxil milyonlarla müsəlman yaşayır. Bəzi dindarlar elə küçədə, səkilərdə namaz qılırlar. Bu isə Rusiyada narazılığa səbəb olur, həm də miqrantlara qarşı düşmənçiliyin, zorakılığın artdığı bir vaxtda.

2024-cü ilin martında "Crocus City Hall"da çoxsaylı insan tələfatı ilə nəticələnən terrordan sonra Orta Asiyadan olan miqrantlara qarşı polis reydləri, deportasiyalar və pis rəftar güclənib. Hücumda iştirakda ittiham olunan bir neçə tacikistanlı saxlanılıb.

Küçədə namaz qılmaq olarmı

Tənqidçilərin fikrincə, küçələrdə, dayanacaqlarda və ya ictimai nəqliyyatda namaz qılmaq başqalarına hörmətsizlik, hətta təhrikedicidir. Dindarlar isə Rusiyanın bir çox bölgəsində, eləcə də Moskva və Sankt-Peterburqda məscidlərin az olduğunu deyirlər. Müsəlmanlar gündə beş dəfə namaz qılırlar. Özəlliklə iş saatlarında məscidə getməyin mümkün olmadığını deyirlər.

Martda Sakit okean sahilindəki Vladivostok şəhərində daha bir avtobus sürücüsünə qarşı intizam tədbiri görülüb. Onun da avtobusun qarşısında namaz qılmasını göstərən video sosial şəbəkələrdə yayılmışdı.

Vladivostok bələdiyyəsi bəyanatında bildirib ki, "sürücüyə başqalarına narahatlıq yaratmamaq üçün dini ayinləri daha uyğun və sakit yerlərdə yerinə yetirməsi tövsiyə edilib".

Artıq Rusiyanın yüksəkvəzifəli rəsmiləri də müsəlman miqrantların ictimai yerlərdə dua etməsi məsələsini qaldırırlar.

Küçədə namazın qılınması müsəlmanlar arasında belə fikir ayrılığı yaradır.

İslama görə, park, hava limanı, iş yeri təmizdirsə, orada namaz qılmaq olar. Amma bu zaman başqalarını narahat etməmək üçün uyğun yer seçilməlidir. Qəbiristanlıq, hamam kimi məkanlarda isə namaz qılmaq tövsiyə olunmur.

Tacikistanda tanınmış din xadimi Ədhəm Heydərzodə AzadlıqRadiosuna deyib ki, islam ibadətçilərə yollarda, insanların gəzdiyi və toplaşdığı yerlərdə namaz qılmaqdan çəkinməyi tövsiyə edir.

Miqrantlar qisasdan qorxurlar

Rusiyalı hüquq müdafiəçisi Valentina Çupik bildirib ki, İslam dini ayinlərinə nəzarətin artması Orta Asiyadan gələn miqrantların daha da sıxışdırılmasına, ayrıseçkiliyin güclənməsinə səbəb ola bilər.

Çupik xəbərdarlıq edib ki, bu cür hadisələrə sosial şəbəkələrdə yaranan qəzəb real həyatda düşmənçiliyə çevrilir, stereotipləri möhkəmləndirir, cəmiyyətdə parçalanmanı dərinləşdirir.

Elə ortaasiyalı miqrantlar da küçədə namaz qılmağın əks-reaksiyaya səbəb olacağından qorxduqlarını bildiriblər.

Daler adlı 34 yaşlı tacik taksi sürücüsü deyib ki, miqrantların küçələrdə, binaların yaxınlığında və ya zibil qutularının yanında namaz qıldığını görüb. Deyir, onların çoxu özbək və qırğız taksi sürücüləridir, məscidə çatana qədər namaz vaxtını qaçırmaqdan qorxurlar.

"Bu, diqqət çəkir və miqrantlara qarşı narazılıq yaradır. İnsanların dini azadlığına hörmətlə yanaşıram, amma düşünürəm ki, insanlara narahatlıq yaradacaq yerlərdə namaz qılmaqla miqrantlara qarşı düşmənçiliyi alovlandırmamalıyıq", – Daler AzadlıqRadiosuna deyib.

Müsəlmanlar təkcə Rusiyada ictimai yerlərdə namaz qılmırlar.

2011-ci ildə Fransa Paris küçələrində namaz qılmağı qadağan edib. Küçə namazları ifrat sağçıların etirazlarından sonra siyasi mübahisə mövzusuna çevrilib.

Böyük Britaniyada da bu məsələ mübahisələrə səbəb olub. 2021-ci ildə Londonun Tauer körpüsündə rəsmi icazə ilə azan səsləndirilib. Amma bu, geniş tənqid, miqrasiya mövzusunda onlayn müzakirələrə səbəb olub.

visiontv.az