Rusiya Tehrandakı kilsə yaxınlığındakı hücumla bağlı bəyanat verib
04.04.2026

Rusiyanın İrandakı səfirliyi Tehranda Müqəddəs Nikolay Pravoslav Katedrali yaxınlığında baş verən hücumla bağlı bəyanat yayıb.

Səfirliyin məlumatına görə, səhər saatlarında kilsənin yaxınlığına endirilən iki raket zərbəsi nəticəsində əsas bina və ona bitişik tikililər zərər görüb.

Bəyanatda qeyd olunur ki, yaxınlıqda yerləşən və yaşlı şəxslərin yaşadığı Rusiya qocalar evi də ciddi zərər alıb. Hücum nəticəsində binada tavanın çökdüyü bildirilsə də, ölən və yaralanan olmayıb.

Rusiya səfirliyi vurğulayıb ki, hücum xristianların əsas bayramlarından biri olan Pasxa ərəfəsində baş verib. Bu səbəbdən İranın pravoslav icması kilsəyə getmək imkanından məhrum olub.

Səfirlik xatırladıb ki, katedral binası İranın milli mədəni irs siyahısına daxil edilib. Bəyanatın sonunda Rusiya səfirliyi ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarını kəskin pisləyib.

visiontv.az