Ruben həbsdə, Klunilər isə kefdə...
05.02.2026

Azərbaycanda həbsdə olan Ruben Vardanyan 2015-ci ildə təşkil etdiyi “xeyriyyə tədbirinə” Hollivudun məşhur aktyoru Corc Kluni ilə onun xanımı Amal Klunini dəvət etmişdi.

Ruben Vardanyan Corc Klunidən daha çox Amal Klunini tədbirində görmək istəyirdi. Çünki, “xeyriyyə tədbirindən” bir il əvvəl Livan əsilli ingilis vəkil Amal Alamuddin (Kluni) ermənilərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində maraqlarını müdafiə etməyə qərar vermişdi. "Erməni soyqırımı"nı inkar etdiyi üçün İsveçrə məhkəməsi tərəfindən cəzalandırılan Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 2005-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdi. Ermənistanı məhkəmədə Amal Kluni müdafiə edirdi. Corc və Amal Kluni 2016-cı ilin aprel ayında Ermənistana da səfər etmişdilər. Klunilərin yolu bu dəfə də Ruben Vardanyanla kəsişmişdi. Vardanyan tanınmış qonaqlarını “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasiminə dəvət etmişdi. Ruben Vardanyan Qarabağa köçmədən öncə “erməni soyqırımının” beynəlxalq aləmdə tanınması istiqamətində çalışır və bu fəaliyyətinə tanınmış isimləri cəlb edir, maliyyəsini buna xərcləyirdi. Nikol Paşinyanın hakimiyyətə gəlişi Ruben Vardanyanın planlarını pozdu və o Rusiyadakı dairələrin məsləhəti ilə Qarabağa yerləşdi ki, buradan Ermənistanda hakimiyyət olimpinə yüksələ bilsin. Alınmadı. Ruben həbsdə, Klunilər isə həm də Vardanyanın onlara xərclədiyi pullar hesabına lüks həyatlarına davam edirlər.

Elxan Şahinoğlu

visiontv.az