Avropa Birliyinin SEPAH-ı terror təşkilatları siyahısına salmasından sonra Tehranda siyasi gərginlik daha da artıb. Fevralın 1-də keçirilən İran parlamentinin plenar iclası isə bu qərara sərt və simvolik reaksiya ilə yadda qalıb.
İclas zamanı parlament sədri Məhəmməd Baqir Qalibaf çıxış edərək bildirib ki, əgər Avropa Birliyi SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanısa, İran da Avropa ölkələrinin ordularını terrorçu qrup hesab edəcək.
Bununla yanaşı, iclasın gedişində millət vəkilləri SEPAH-a dəstək nümayiş etdirmək üçün hərbi forma geyiniblər. Deputatların SEPAH zabitlərinin geyimində parlament zalında iştirak etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Qanunverici orqanın hərbi struktura açıq şəkildə siyasi dəstək nümayiş etdirməsi parlamentin neytrallığı və mülki idarəetmə prinsipləri baxımından tənqid olunur və ölkədə siyasətlə hərb arasındakı sərhədlərin daha da bulanıqlaşdığını göstərir.
visiontv.az