"İranın Cənubi Qafqazda ABŞ-a qarşı strategiyası”
05.02.2026

“İran diplomatiyası” saytında dərc olunan məqalədə Qafqaz məsələləri üzrə ekspert kimi təqdim edilən anti-Azərbaycan mövqeli Borhan Heşməti Azərbaycan əleyhinə bir sıra əsassız və qərəzli iddialar səsləndirib.

Müəllif ABŞ-nin guya Azərbaycan vasitəsilə İrana qarşı strategiya həyata keçirdiyini iddia edərək, Bakını “anti-İran kimliyi formalaşdırmaqda” ittiham edib.

Məqalədə açıq şəkildə Azərbaycanın ünvanına reallıqla uzlaşmayan tezislər irəli sürülüb. Heşməti Azərbaycanı “İsrail üçün regional baza”, “Rusiya və İrana qarşı əməliyyat platforması” və “saxta kimlik layihəsi” kimi təqdim edib. O, hətta “Qafqaz İranın sivilizasiya arealıdır” və “İran bu bölgədə daxili hüquqlara malikdir” kimi mübahisəli və beynəlxalq hüquqa zidd fikirlər səsləndirib.

Daha diqqətçəkən məqam isə müəllifin açıq müdaxilə xarakterli çağırışlar etməsidir. Yazıda “Qafqaz İranın itirilmiş mülküdür”, “İran sərhədlərdə hərbi qüvvələrinin mövcudluğunu artırmalıdır”, “Azərbaycan daxilində iranpərəst hərəkatlar gücləndirilməlidir” və “Bakıya rəsmi xəbərdarlıqlar edilməlidir” kimi təkliflər yer alıb. Bu fikirlər həm region ölkələrinin suverenliyinə hörmətsizlik, həm də açıq təzyiq siyasətinin təşviqi kimi dəyərləndirilir.

Analitik, habelə, yazıda ABŞ, İsrail və Türkiyənin guya Azərbaycan üzərindən İrana qarşı planlar həyata keçirdiyini iddia edərək Bakını “anti-İran strategiyanın əsas aləti” kimi təqdim etməyə çalışıb.

Qeyd edək ki, bu cür yanaşmalar Tehranın daxili problemlərini ört-basdır etmək və qonşu ölkələrə qarşı süni təhlükə obrazı yaratmaq cəhdidir. Halbuki Azərbaycan dəfələrlə balanslı və müstəqil xarici siyasət yürütdüyünü, heç bir ölkəyə qarşı platforma olmadığını açıqlayıb. İran mediasında yayılan bu tip cəfəng iddialar isə daha çox siyasi təbliğat xarakteri daşıyır.

visiontv.az