Rayon qeydiyyatında olan Bakıda yaşayanlarla bağlı MƏSƏLƏ QALDIRILACAQ
06.05.2020

Məlum olduğu kimi, Azərbaycan 2 aya yaxındır xüsusi karantin rejimi tətbiq edilir.

Visiontv.az xəbər verir ki, bu dövrdə ortaya çıxan əsas problemlərindən biri yaşadığı ünvanlarda qeydiyyatda olmamaları idi.

Belə ki, yaşadığı ünvan üzrə qeydiyyatı olmayan şəxslər dövlət tərəfindən təyin olunmuş sosial yardımların verilməsi, həmçinin karantin dövründə şəhərlərarası gediş-gəlişdə bir sıra problemlər yaşamaqdadır.

Bundan başqa, ən çox müşahidə edilən problemlərdən biri də rəsmi müqavilə ilə işləyən şəxslərin xəstə olduğu zaman tibbi xidmətlərdən güzəştli şərtlərlə yararlana bilməməsidir. İcbari Tibbi Sığorta qanunu qüvvəyə minsə də, bir çox insan hələ də yaşadığı ərazi üzrə qeydiyyat düşə bilmirlər və bu səbəbdən ərazi üzrə poliklinikaların güzətli şərtlərlə tibbi xidmətlərindən yararlana bilmirlər. Həmçinin, bir işçi xəstə olduğu dövrlə bağlı qeydiyyat probleminə görə xəstəxanalarda bülleten açdıra bilmirlər. Nəticədə işlədiyi iş yeri ilə bağlı problemlər yaşayır.

Daha bir məsələ isə bir çox evlərin qanunsuz tikilməsi və bu səbəbdən həmin evlərə qeydiyyat ünvanı verilməməsidir.

Bəs bu məsələlər necə nizamlanmalıdır? İnsanların yaşadığı ünvanlarda qeydiyyata düşmələri proseduru hansı formada sadələşdirilməlidir?

Məsələ ilə bağlı açıqlamasında millət vəkili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, SSRİ dövründə belə qayda var idi ki, kim harada yaşayırdısa orada qeydiyyata düşməlidir və ya harada qeydiyyatdadırsa orada da işləməlidir. Bu yolla əhalinin demoqrafik məsələsi həll edilirdi.

Deputat qeyd edib ki, amma bu insan haqlarına zidd bir qərardır:

“Məsələn, rayon qeydiyyatında olan bir adamın Bakıda evi yoxdursa deməli ömür boyu Bakıya qonaq kimi gəlməlidir? Bu, demoqrafik prinsiplərə ziddir: Buna görə 90-cı illərin əvvələrində qaydalarda bəzi dəyişiklik edildi və qeydiyyat məhdudiyyəti aradan qaldırıldı. Bu da bir həqiqətdir ki, qeydiyyatla bağlı məsələlərə görə bir sıra problemlər yaranır. Xüsusən indiki karantin dövründə istər sosial yardımların verilməsində, istərsə də gediş-gəliş məsələsində problemlər ortaya çıxdı. Hesab edirəm ki, uçotla bağlı sadələşdirmələr olmalı, ya Mənzil Məcəlləsi və ya digər qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Çünki qeydiyyatla bağlı məhdudiyyətlər insanların digər məsələlərinə çətinlik yaratmamalıdır”.

Musa Quliyev sözlərinə əlavə edib ki, Bakıda ən böyük problemlərdən biri kirayə mənzil sahiblərinin kirayənişinlə müqavilə bağlamaması ilə bağlıdır:

“Əgər mənzil sahibi kirayə müqavilə bağlayarsa, o zaman sosial öhdəlik götürür. Burada həm dövlət büdcənizə vəsaitlər daxil olmuş olur, həm də kirayənişinin qeydiyyat məsələsi də həll olur. Nəticədə uçot səbəbindən yaranmış digər problemlər də aradan qalxır.

Bu məsələyə qaydılmalı, dəqiqləşdirilmələr aparılmalı və sosial araşdırmalar getməlidir. Məsələnin Milli Məclisin gündəmə gətirilməsi də mümkündür”.

Qeyd edək ki, rəsmi statistikaya əsasən Bakıda rəsmi qeydiyyatı olan 2 milyon 293 mindən çox əhali yaşayır.

BAKU.WS