Qərib Məzarlar: Almas İldırım
03.04.2026

Əbdülməhəmməd kişi və Nisə xanımın ailəsində 24 mart 1907-ci ildə bir oğlan uşağı dünyaya göz açdı. Bakının Qala kəndində Əbdülməhəmməd kişini hamı halallıqla dolanan, dindar adam kimi tanıyırdı. Qalalı Hacı Əbdülməhəmməd ailəsində doğulan uşağı Allahın lütfü hesab edərək, maddi imkanlarının çərçivəsinə uyğun nəzir-niyaz paylayırdı. Əslində Hacı mal-mülkü ilə bir o qədər də zəngin deyildi. Onun Qala kəndində bir münasib evi, kiçik məhəllə dükanı və sahildə iki balıqçı qayığı vardı.

Əbdülməhəmməd kişi oğlunun adını Əbdülhəsən qoysa da, kiçik yaşlarından uşağı hamı Almas deyə çağırırdı. Almas Əbdülhəsənin dünyasını dəyişmiş babasının adı idi.

Almaszadə Əbdülhəsən Əbdülməhəmməd oğlunun taleyinə sanki elə uşaqlıq illərindən köç etmək, bitib-tükənməyən yollarda yolçu olmaq yazılıbmış. Almasın ailəsi ilk dəfə yaşayış yerini dəyişəndə onun cəmi 6 yaşı vardı. Ailə 1913-cü ildə Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Çəmbərəkənddə onun uşaqlıq dostları, məktəb yoldaşlarının əksəriyyəti Cənubi Azərbaycandan Bakıya kasıbkarlığa gələnlərin ailələrindən olanlar idi. O, məhz bu uşaqlar üçün nəzərdə tutulmuş “İttihad” məktəbində təhsil alır və fars dilini mükəmməl öyrənməyə müvəffəq olur.

Məktəb illərində Abdulla Şaiq, Hüseyn Cavid kimi ədiblərlə yaxınlıq edən Almas çox erkən yaşlarından ədəbi yaradıcılığa meyillənir. Bakı Dövlət Universitetinin tələbəsi olaraq onun ətrafında qələm əhli, dövrünün istedadlı insanlarını görmək olurdu. Artıq ədəbi mühitdə Almas İldırım kimi tanınan gənc şairin ən yaxın dostu Mikayıl Müşfiq idi.

“Ədəbiyyat Cəmiyyəti”ndə əməkdaşlıq edən gənc Almasın ilk kitabı 1926-cı ildə işıq üzü görür. Onun şeirlərində vətən təəssübü açıq mətnlə diqqət çəkdiyindən şər qüvvələrin nəzərindən yayınması mümkünsüz idi. Tezliklə istedadlı şairi təhsil aldığı universitetdən xaric edirlər. Dostları Alması qorumaq üçün “Ədəbiyyat Cəmiyyəti”nin tövsiyəsini “təşkil” edərək onu Bakıdan uzaqlaşdırır. Əslində gənc şairin həyatının iki illik Dərbənd dövrü sürgün yox, yaradıcılığına məhsuldarlıq baxımından yeni üfüqlər açır. Şairi Dərbənddə dövrünün tanınmış ədəbiyyat adamı Məmməd Kazım Ələkbərli qarşılayır. Kifayət qədər sərbəstliyi olan Almas burada Dağıstan ədəbi mühitinin fəal iştirakçısı olur.

1930-cu ildə Bakıya dönən şair artıq alovlu vətənpərvər, doğma yurdunun işğal altında olması ilə barışmaz mübariz kimi hökumət qüvvələrinin diqqətində idi. Həmin ildə onun “Dağlar səslənərkən” şeirlər kitabı nəşr olunur. Bu şeirlərinə görə əvvəl Yazıçılar Birliyindən xaric edilən şair daha sonra Aşqabada sürgün edilir. Bu artıq “Ədəbiyyat Cəmiyyəti”nin tövsiyəsi ilə təhlükəsizlik orqanlarının onun yaşayış yerini məcburən Dərbəndə dəyişdirilməsi yox, əsl sürgün idi.

Almas İldırımın Türkmənistana sürgün edilməsində şəxsi motivli nüanslar da müəyyən rol oynayıb. Əvvəllər qələm dostu olmuş Humay xanım Əkbər Ruhi ilə ailə həyatı qurandan sonra Əkbərin Almasın uğurlarına qısqanclığı aşıb-daşan nifrətə çevrilmişdir. Əkbər Ruhi, Süleyman Rüstəm və Almas İldırım yaxınlığı getdikcə soyuq münasibətlərdən düşmənçilik həddinə çatır. Hətta xüsusi xidmət orqanlarının göndərişi ilə Əkbər Ruhi bir neçə dəfə Aşqabada gedərək Almas İldırımın oradakı fəaliyyəti barədə arayış hazırlayır. Sözsüz ki, arayışlarda Almasın “ziyanlı” fəaliyyəti ana xətt təşkil edirdi.

Aşqabadda məktəbdə coğrafiya fənnini tədris edən Almas 1932-ci ildə atası Şamaxıdan Aşqabada sürgün edilmiş, əslən ailəsi Cənubi Azərbaycandan olan Zivər xanımla ailə həyatı qurur.

Hər addımı izlənən Almas Bakıdakı məslək dostlarından tezliklə tutulacağı barədə xəbərdarlıq aldıqda İrana qaçmağa qərar verir. Böyük çətinliklər hesabına üç aylıq körpələri ilə Almas və xanımı Zivər İrana qaçmağa nail olur. Burada onu bolşeviklərin “öyrədilmiş” adamı kimi həbs edirlər. Bir ay İran həbsxanalarında olmazın işgəncələrinə məruz qalan şair məhbəsdən azad olmağa müvəffəq olsa da, burada tapdığı xəstəlikdən ömür boyu azad ola bilmir.

Nəhayət, 1934-cü ildə ailəsi ilə Türkiyəyə pənah aparan Almas elə həmin ildə qardaş ölkənin vətəndaşlığını almağa nail olur.

Ürəyi daim doğma Bakı ilə, Azərbaycanla döyünən Almas İldırım Türkiyənin Malatya bölgəsində kargüzarlıqla, bələdiyyə orqanlarında işləməklə ailəsini dolandırır. O, Türkiyədə məskunlaşdığı ilk illərdə Bakıda qalan bacısı Sona xanıma yazdığı məktublarda vətən həsrətinin göynərtisini əks etdirən şeirlərində necə darıxdığını dilə gətirir. Sonralar bu məktubların Bakıdakı qohumları üçün təhlükəli olduğunu hiss edən Almas daha yazmamağa qərar verir.

Almas İldırımın yurd həsrətli şeirlərini ürək ağrısız oxumaq mümkünsüzdür.

Mənim bircəcik bacım,

Dinlə sənə anlatayım qürbəti!

Qəhr olası çəkilməyən nazı var

Qürbət dedikləri izsiz bir ada,

Dörd tərəfi ucsuz-bucaqsız dəniz

Şairin ağlı söz kəsəndən elə doğma el-obasını müsibətlər içində görüb. O hələ Bakıda ikən yurdunun dərdlərindən ürək ağrısı ilə misralanan şeirləri dillər əzbəri olmuşdur. Şair qürbət ellərdə vətən nisgilindən qübar bağlamış ürəyini yanıqlı-yanıqlı kağıza köçürürdü.

Xəbər alsam Muğanımdan, Milimdən

Nazlı Bakım, o neft qoxulu gülümdən

Kim demiş ki, düşmüş adı dilimdən

Azərbaycan, mənim ana yurdum oy!…

Ölməz eşqim, içimdəki dərdim oy!…

Almas İldırım keçməkeçlərlə dolu qısa həyatının Türkiyə səhifələrini də ləyaqətlə yazır. O, Elazığ vilayətinin müxtəlif yaşayış məntəqələri arasında tez-tez iş həyatı ilə bağlı yerdəyişmələr edir və bacardığı qədər Azərbaycanla bağlı nələrsə etməyə çalışırdı. Şair Atatürkə məktub yazaraq Malatyanın Qala nahiyəsindəki Çölçik gölünə Xəzər adının verilməsinə nail olur. Eyni zamanda başqa adsız yaşayış məntəqələrindən birinə Xankəndi adını rəsmiləşdirir.

İran həbsxanasındakı işgəncələrdən böyrək xəstəlikləri qazanan şair 1952-ci ilin 14 yanvarında Elazığ xəstəxanasında 44 yaşında vəfat edir. Onu Elazığ qəbiristanlığında dəfn edirlər. O, dünyasını dəyişəndə böyük oğlu Azərin cəmi 19 yaşı vardı. Çətinliklərlə üzləşən ailə maddi sıxıntılar içərisində yaşamaq, təhsil almaq uğrunda mücadilə aparır. Və nə xoş ki, həyat mübarizəsində qalib olurlar.

Azərbaycanın böyük şair oğlu Almas İldırımınsa Qaladan başlanan yolu bu gün də yolçuluğunu davam etdirir. Onun qəriblikdə uyuyan məzarının olduğu qəbiristanlıq yetmişinci illərdə magistral yol çəkilişi ilə əlaqədar sökülür. Kim bilir, bəlkə də zalım fələk ünvanında etdiyi haqsızlıqlara görə onun qərib məzarını yola çevirmişdi. Qərib ruhu vətəndən soraq gətirən yolçulara sevinsin deyə.

Pərviz Yəhyalı

visiontv.az