Qarabağ inciləri... Qaçaq Nəbi məskəni Qubadlı haqqında maraqlı faktlar...
Qarabağ inciləri...  Qaçaq Nəbi məskəni Qubadlı haqqında maraqlı faktlar...
04.05.2023 MEDİA Tərəfindən

Qubadlı rayonu 1930-cu ildə yaradılıbş. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.

Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi –etnoqrafik bölgələrdən biridir. Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) xeyli sayda təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir. İbtidai insan düşərgələri olan belə mağaralar sonralar müqəddəsləşdirilib.

Ümumiyyətlə, Qubadlı rayonunun ərazisində Son Tunc –İlk Dəmir dövrünə aid aşağıdakı abidələr qeydə alınmışdır: “Xırman yeri” adlı yaşayış məskəni (Qubadlı şəhəri), Koroğlu qalası (Əliquluuşağı kəndi), Qalaça (Əliquluuşağı kəndi), Maltəpəsi (Muradxanlı kəndi). Tarixi qaynaqlarda Qubadlı rayonunun Həkəri kəndinin adına erkən orta əsr mənbələrində rast gəlinir. IX əsrin II yarısında Xilafətin parçalanmasından sonra Azərbaycanda qədim dövlətçilik ənənələrinin bərpasına şərait yarandı. Həmin əsrin sonlarında mərkəzi Marağa olan Sacilər dövləti öz sərhədlərini Araz çayından şimala doğru genişləndirərək 897-ci ildə Sünik vilayətini ələ keçirdi və bununla da Zəngəzur-Qubadlı bölgəsi Sacilərin nəzqrətinə keçdi.

941-981-ci illər arasındakı dövrdə əksər Azərbaycan torpaqları, o cümlədən Zəngəzur Salarilər dövlətinin hakimiyyəti altında olmuşdu.  X əsrin sonu, XI əsrin əvəllərində bu bölgə mərkəzi Gəncə olan Şəddadilər dövlətinin tərkibində idi. Səlcuqilərin hökmranlığı dövründə Qubadlı bölgəsi bu dövlətin təsir dairəsində idi. Sonrakı dövrdə Atabəylər dövlətinin tərkibində olub.

Tarixçilərin məlumatına görə monqolların Azərbaycana birinci yürüşü zamanı Zəngəzurda qarət və qətllər törədildi, sonrakı yürüşlər zamanı Azərbaycanın digər əraziləri kimi, Zəngəzur (Qubadlı)  bölgəsi də ələ keçirilərək 1256-cı ildə yaradılmış Elxanilər dövlətinin tərkibinə qatılır. 1357-ci ildə Qarabağa yürüş edən Şirvanşah Kavusla Çobani əmiri Əxicuq arasında baş verən böyük qarşıdurma zamanı əsas hərbi əməliyyatlar Zəngəzur (Qubadlı)  ərazisində baş vermişdi.

XIV əsrin sonlarında Qızıl Orda xanı Toxtamışın, sonrakı illərdə Əmir Teymurun və varislərinin Azərbaycana yürüşləri zamanı qarət edilərək talan olunan bölgələr arasında Zəngəzur (Qubadlı)   da var idi.Zəngəzur (Qubadlı)   bölgəsi XV- XVIII əsrlərdə Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mühüm regionlarından olub: “XIII-XIV əsrlərdə olduğu kimi, bu dövrdə də Zəngəzurun Bərgüşad mahalının sosial-iqtisadi və siyasi durumu heç də ürəkaçan olmayıb.

Uzunmüddətli müharibələr Zəngəzur mahalından da yan keçməmişdi. Digər tərəfdən, Azərbaycan hökmdarlarının ağır vergi siyasəti də bölgədə ciddi demoqrafik proseslərin baş verməsinə gətirib çıxarmışdı.  Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi şahlarının qeyri-müsəlmanlara, xüsusilə də Zəngəzur və Qarabağın xristian din xadimlərinə lüberal münasibəti və himayədarlıq siyasəti bölgədə nəzərəçarpacaq dərəcədə etno-konfessional dəyişikliklərlə müşayiət olunmuşdu. Məhz bu dövrdə Zəngəzur və Qarabağın qriqorianlaşmış xristian alban əhalisi əhalinin mülklərini, torpaqlarını satın almaqla kilsənin mülkiyyətinə çevirməyə çalışmışdır. Azərbaycan hökmdarlarının yerli xrstian əhaliyə himayədarlıq siyasəti qeyri-müsəlman əhalini itaətdə saxlamaq və Avropa dövlətləri ilə diplomatik əlaqələrin yaranmasında onlardan vasitəçi kimi istifadə etmək maraqları ilə bağlı idi.

Lakin onlar belə bir siyasətin hansı nəticələrə gətirib çıxaracağını yetərincə dərk etməyiblər. Bu az imiş kimi, Səfəvi-Osmanlı savaşları dövründə Zəngəzur əhalisi Səfəvi şahlarının təbəəsi olaraq qızılbaş və şiə olduqlarına görə osmanlılar tərəfindən təqiblərə məruz qalıblar”. Qubadlı və Zəngilan rayonlarının ərazisi Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Bərgüşad mahalına daxil olub. XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin tənəzzülündən istifadə edən  Rusiya və Osmanlı imperiyaları bu dövlətin xeyli ərazilərini ələ keçirərək 1724-cü il İstanbul müqaviləsi ilə öz aralarında bölüşdürmüşdülər.

Bu zaman  Qubadlının da daxil olduğu Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisi osmanlıların nəzarəti altına verilmişdi. XVIII əsrin birinci yarısında indiki Qubadlı bölgəsinin də tərkibinə daxil olduğu Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisində əsrin ortalarında iki xanlıq – Gəncə və Qarabağ xanlıqları meydana gəldi. İndiki Qubadlı bölgəsi Qarabağ xanlığının tərkibinə daxil oldu. Qubadlı bölgəsi Osmanlı istilası dövründə, əsasən, iki inzibati- ərazi vahidinin – Bərgüşad və Həkəri nahiyələrinin tərkibinə daxil idisə, xanlıqlar dövründə bu bölgə Qarabağ xanlığının üç mahalı - Qaraçorlu, Bərgüşad və Püsyan mahallarının arasında bölüşdürülmüşdü.

Bərgüşad mahalı Araz şayının sol sahilində, Qarabağ xanlığının cənub-qərb hissəsində, Qaraçorlu mahalı Bərgüşad mahalından şimal-qərbdə, Püsyan mahalı isə Bərgüşad mahalından cənub qərbdə, Araz çayının sol sahilində yerləşirdi. Əlbəttə, indiki Qubadlı rayonunun xanlıqlar dövründə mövcud olmuş Qaraçorlu, Bərgüşad və Püsyan mahallarının ərazilərini tam əhatə etdiyini söyləmək olmaz. Çox güman ki, bu mahalların ərazilərinin ayrı-ayrı hissələri Qubadlı rayonu ilə yanaşı, onunla qonşu olan Zəngilan, Cəbrayıl, Xocavənd və Laçın rayonlarının da payına düşüb.

Bununla belə, həmin mahalların ərazilərinin xeyli hissəsinin Qubadlı rayonunun ərazisinə daxil olması heç bir şübhə doğurmur. Qubadlının daxil olduğu Bərgüşad mahalı 1840-cı il inzibati-ərazi islahatlarına qədər Qarabağ əyalətinin tərkibində qaldı. 1941-ci ilin əvvəllərindən bu əyalətin yerində Xəzər vilayətinin tərkibində əvvəlcə Qarabağ, sonra usə Şuşa qəzası yaradıldı. 1846-cı ildə Xəzər vilayəti Şamaxı quberniyasına çevrilir, zəlzələdən sonra isə mərkəz Bakıya köçür və bu quberniya Bakı quberniyası adlanır. 1868-ci ilədək Zəngəzur, o cümlədən Qubadlı, Şuşa qəzasının tərkibində bu quberniyaya daxil idi.

XIX əsrin sonlarında isə Zəngəzur qəzası Tiflis, Bakı və İrəvan quberniyaları hesabına yaradılmış Yelizvetpol quberniyasının tərkibinə daxil idi.  Qəza əhalisi, əsasən, avtoxton Azərbaycan türkləri, rus hakimiyyət orqanlarının 1828-1829-cu illərdə Qacarlar səltənətinin Qaradağ, Gərməli, Xoy və Səlmas bölgələrindən köçürdüyü ermənilər, Sisian mahalının Bazarçay kəndinə gətirilmiş rus təriqətçiləri və Qarabağın alban əhalisinin qalıqlarından ibarət idi. XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi dövlətdən biri 1882-ci ildə Qubadlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandırılmışdı. Qubadlı kəndi XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer oldu: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda fəaliyyətə başladı.

Qubadlı bölgəsi XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan elminə ictimai fikrin bir neçə sayılıb-seçilən şəxsiyyətini bəxş etmişdir. Bunların arasında filosof Hacı Mirhəmzə Əfəndi Seyid Nigarini, tanınmış tarixçi Mirmehdi Xəzanini göstərmək olar. Qubadlı bölgəsi çarizmə qarşı xalq azadlıq hərəkatının əsas mərkəzlərindən biri olmuşdur. Qubadlının Aşağı Mollu kəndində anadan olmuş Qaçaq Nəbinin başçılığı ilə qaçaqlar uzun müddət ərzində hökümətə, haqsızlığa və zülmə qarşı mübarizə aparıblar. 20-ci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1905-1906,  1918-1920-ci illər).1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər.

Arxiv sənədləri göstərir ki, “Hnçaq” və “Daşnaksutyun” kimi erməni terror təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində iş aparırdılar. 1895-1896-cı illərdə Şərqi Anadoluda çar Rusiyası və Avropa dövlətlərinin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqaza, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Bununla belə, XX əsrin əvvəllərində Yelizavetpol (Gəncə) quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. 1905-1906-cı illər qırğınları ərəfəsində Zəngəzur qəzasında mövcud olmuş 406 yaşayış məntəqəsindən 314-də azərbaycanlılar yaşayıblar.

Torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində idi. Erməni təşkilatları isə bütün bu mülkləri ələ keçirmək üçün hazırlıq işləri görürdülər. Zəngəzur qəzasında ermənilər tərəfindən  ilk qırğınlar 1905-ci ilin iyun ayında törədildi.  Ümumiyyətlə, 1905-1906-cı illərdə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında 200-dən artıq azərbaycanlı yaçayış məntəqəsi viran edilmiş, əhalisi soyqırımına məruz qalıb.

 Həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın və qətllər haqqına müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” (Bakı, 1993),  Mirzə Rəhim Fənanın “1905-ci il hadisəsi”,  M.S.Ordubadinin “Qanlı illər” (Bakı, 1911) kitablarında məlumatlar verilmişdir. Erməni müəlliflərindən əsərlərini “A-do” imzası ilə çap etdirən Hovannes Ter-Martirosyanın “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, erməni dilində), S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illərdə törədilən qırğınların əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktiki materiallar baxımından mühüm əhəmiyyət kəsb edir.Ermənilərin 1917-ci ildən başlayan kütləvi vəhşilikləri və terror aktları Qubadlı rayonuna aid olan kəndləri də öz ağuşuna aldı. Ermənilər təkcə 1917-ci il və 1918-ci ilin əvvəllərində Zəngəzurda 109 kəndi dağıtmışlar. AXC dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun 1918-ci ildə hazırladığı məruzədə ermənilər tərəfindən Zəngəzur qəzasında dağıdılmış və məhv edilmiş 115 kəndin adı göstərilmişdi ki, onların bir çoxu (Xələc, Xocahan, Tatarkənd, Fərcan) Qubadlı bölgəsinə aid idi. Zəngəzurdakı qırğınlara Andronik, Dəli Qazar, Dro, Njde kimi türk qanlna susamış erməni zabitləri rəhbərlik edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzası 5 polis sahəsindən ibarət idi. İndiki Qubadlı rayonuna aid olan kəndlərin əksəriyyəti III polis sahəsinə (mərkəzi Dondarlı kəndi idi), bir neçəsi isə II və IV polis sahələrinə daxil idilər.
Azərbaycanda Sovet Sosialist Respublikası adlandırılan hökümətin qurulduğu ilk dövrlərdə də Zəngəzurun (Qubadlı bölgəsinin) başının üstündən qara buludlar çəkilmədi.

Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilib. Hələ 1919-cu ildə Qubadlı qəzası yaradılmışdır. By qəzanın əraziləri Cəbrayıl və Şuşa qəzaları ilə həmsərhəd idi. 1922-ci ildə Qubadlı qəzası ləğv edilərək Cəbrayıl-Şuşa qəzasına birləşdirilib.30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılmış, bu zaman I, II və III kateqoriyalı rayonlar yaradılmışdır. Həmin qərarla yaradılan I kateqoriyalı rayonlara 22 rayon daxil idi ki, onlardan da 1-i (sıra ilə 11-ci) Qubadlı rayonu idi. Qubadlı kəndi rayonun mərkəzi olub. 1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur. Bu zaman Qubadlı rayonunun tərkibindəki kəndlər aşağıdakı 18 Kənd Şurasına daxil edilmişdi:

Tarixi şəxsiyyətlər

Qubadlının tarixində həmişə qılıncla qələm qoşa dayanmışdır. Hər ikisi də ucada olmuşdur. Biri qəhrəmanlıq, digəri isə istedad zirvəsində. Bu torpaq milli qəhrəmanlar, görkəmli elm və görkəmli dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdi. Qubadlı əsilli ziyalılar, tarixi şəxsiyyətlər Azərbaycanın mədəni həyatında mühüm rol oynamışlar. Belə ziyalıların yetişməsində hələ ХIХ əsrdən Qubadlıda açılan dünyəvi məktəbin böyük rolu olmuşdur. Еl arasında Həsən bəyin məktəbi adlandırılan 2 sinifli rus-tatar məktəbi Qubadlıda 1882-ci ildə açılmışdır. (Həsən bəy əslən Qubadlıdandır, cavan yaşlarında dünyasını dəyişib). Son əsrdə Azərbaycan еlminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vеrmiş, yüksək ad san qazanmış akadеmik Möhbalı Əmiraslanov, gеnеral Valеh Bərşadlı, Sosialist əməyi Qəhrəmanı, хalq yazıçısı Sülеyman Rəhimov Qubadlı torpağının yеtirmələridir.

İlk təhsilini rayonun məktəblərində alan yüzlərlə alim və tədqiqatçı, şair və yazıçı, müхtəlif sahələrin yüksək iхtisaslı mütəхəssisləri bu gün müstəqil Azərbaycan Rеspublikasının inkişafı və möhkəmləndirilməsi, qüdrətinin artırılması istiqamətində əllərindən gələni еdirlər.

Azərbaycanın хalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandır.

Qubadlı rayonu Çingiz Ildırım, Kamran Hüsеynov, Əli İbrahimov, Möhbalı Əmraslanov, Nəzər Hеydərov, Zəhra Kərimova, Mirağa Əliyеv, Ələkbər Abdullayеv, Qara İlyasov, Hicran Hüseynova  və başqa ictimai və dövlət xadimlərinin, Əhməd Хani  (XVI əsr), Mir Həmzə Sеyid Nigari (XIX əsr),  Mir Mеhdi Хəzani (XIX əsr), Sülеyman Rəhimov, Əli Vəliyеv, Əli İldırımoğlu, Cəlal Bərgüşad, Qasım Qasımzadə, Taryеl Cahangirov (Taryеl Cahangir), Famil Sülеymanov,  Rafiq Əliyеv (Rafiq Yusifoğlu, Ramiz Əliyеv (Ramiz Rövşən), Еldar Ağayеv (Еldar Baхış) və başqa şair və yazıçıların, onlarla elm adamlarının, akademik və elmlər doktorlarının, generalların vətənidir. Əslən Qubadlıdan olan 6 nəfər Sosialist Əməyi Qəhrəmanı, 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı vardır.

Xalq Qəhrəmanı – Qaçaq  Nəbi

XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbi Alı oğlu təqribən 1854-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Aşağı Mollu kəndində anadan olmuşdur. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı. Tarixi qaynaqlarda göstərildiyi kimi, Nəbi kiçik yaşlarında Şuşa şəhərində tacirlərin yanında nökərçilik etmişdir. Sonra atasının ölüm xəbərini alıb ailəyə başçılıq etmək üçün Mollu kəndinə qayıtmışdır. Az müddət sonra anası da vəfat edən Nəbinin ancaq özündən yaşca kiçik olan  qardaşı Mehdi və bacısı Zeynəb qalmışdı.  Mollu kəndinə qayıtdıqdan sonra Nəbi kənddə muzdurluq etməyə başlayıb. Nəbi ata və anasının vəfatından sonra evlənmişdi. Onun arvadı Həcər Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı idi. Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da bu işə xüsusi təkan verib.

Nəbinin birinci dəfə tutulması. İsti aylarda adətən, bütün elat kimi Mollu kəndinin camaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün camaat Naxçıvana gedirlər. Qayıdanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin camaatı Mollu camaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur. Nəbinin ikinci dəfə tutulması. Qubadlı bəyləri Mollu mülkünün yataqlarını öz aralarında bölmək istədikdə Nəbi kəndlilərini bir yerə toplayıb onlar arasında təbliğat aparır. Kəndlilər bəyləri qovurlar. Bəylər bu hərəkəti Nəbiyə bağışlamırlar.

Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar.   Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir. Nəbi həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Bəylərin onu qaçaq saldıqlarını bildirir. Özündən sonra qardaşı Mehdini incidəcəklərini bilib, onu da götürüb kənddən çıxırlar. Gecəykən Qubadlı Məmmədəli bəyin ilxısından hərəyə bir at, pristav Əliağa bəyin divanxanasından hərəyə bir tüfəng götürüb dağlara qalxırlar. Nəbinin qaçaqçılıq həyatı 1875 –ci ildən başlanmışdır. Kəndlilərdən dəstə düzəldən Nəbi Naxçıvan və Zəngəzur qəzalarında fəaliyyət göstərmiş, çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizə aparıb. Nəbinin arvadı, öz igidliyi və cəsarəti ilə şöhrət qazanmış Həcər onun ən yaxın silahdaşı olub. Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan Qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var-dövlətlərini əllərindən alaraq kasıblara paylayırdı.

Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi Qaçaq Nəbiyə böyük şöhrət qazandırmışdı. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Hökumət Qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri göndərirdisə də, onu ələ keçirə bilmirdi. Türkiyə və İrana da agentlər göndərilməklə Nəbi ardıcıl olaraq izlənilirdi.

Yerli hakimiyyət qurumları, o cümlədən, Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb onun dəstəsinə nifaq salmaq üçün agentlərdən istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayı İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez –tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. Qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığında yolda öldürürlər.   Nəbi oradaca ölür. Bu 1896-cı il mart ayının 12-də gecə saat  2 idi. 1897-ci ildə isə Qaçaq Nəbinin dəstəsi tamamilə dağıdılır. Nəbinin dəstəsində olanlardan bəzilərinin adlarını qeyd edək: qardaşı Mehdi, qohumu Lətif, Telli Qara, Tuzvəli, Mahmud, Dağtumaslı Allahverdi, Sofulu Balakişi, Şahbuzlu Şah Hüseyn, Qoca və b. Xalq öz sevimli oğlunun qəhrəmanlığını unutmamış, onun haqqında dastan yaratmış, mahnılar qoşub. Qaçaq Nəbi haqqında bayatı, şer, mahnı, nağıl və məlumatlar XIX əsrin sonlarından etibarən toplanmağa başlanmış, bu materiallar  “Qafqaz” qəzetiində,  XX əsrdə isə  “Azərbaycanı öyrənmə yolu” məcmuəsində,  “Revolyusiya və Kultura” jurnalında, habelə,  “Ədəbiyyat qəzeti”, “Azərbaycan kolxozçusu” və s. kimi mətbuat orqanlarında çap olunub.. “Qaçaq Nəbi” dastanının 1938 (Ə. H. Tahirov), 1941, 1961 (Ə. Axundov) və sonrakı nəşrlərində bu məlumatlar dastan kimi təqdim olunub. Qaçaq Nəbi haqqında Süleyman Rüstəm “Qaçaq Nəbi” pyesini yazmış, onun haqqında “Qanlı zəmi” (“Atları yəhərləyin”) bədii film çəkilib. Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulmuşdu. Adına küçə vardı.
Bakı şəhərində Qaçaq Nəbinin adını daşıyan küçə var. Qaçaq Nəbi haqqında ən mükəmməl yazılardan biri də  Bəhlul Əfəndi (Bəhcət) tərəfindən yazılmış “Qaçaq Nəbinin tarixi” adlı elmi araşdırma əsəridir.

Qaçaq Həcər

Azərbaycan qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər  1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi. Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməyib. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməyiblər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilib. 1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən  ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş,  dəstənin birinə özü, digərinə isə Həcər başçılıq eedib. Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq edirdi. Lakin  o, hökumət tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib qayıtmışdı. Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə getmişdir. Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir neçə övladı olub. Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat etmişdir. Onun qəbri Aşağı Mollu kəndində idi. Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş, “Qaçaq Nəbi” dastanında ona xüsusi yer ayrılıb. Qubadlı rayonunda Qaçaq Həcərin abidəsi də qoyulmuşdu.

Bünyamin Bünyadzadə

Visiontv.az