Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
25.09.2026

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

 Söhbət  zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.

Dövlətimizin başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə  Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq  Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.

Görüşdə  Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

2016-cı ildən  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edildi.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard  ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard  ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da “Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.

visiontv.az