Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?
23.09.2026

İnsanlar meyvə-tərəvəzləri, eləcə də ət və balıq məhsullarını il boyu istehlak edə bilmək məqsədilə məişət şəraitində müxtəlif konservləşdirmə və ya hisəvermə üsullarından istifadə edirlər. Bu kimi proseslərin düzgün aparılmaması qida təhlükəsizliyi ilə bağlı ciddi riskləri ortaya çıxarır. Belə hallarda qida zəhərlənmələri baş verə bilər. Bunlardan ən geniş yayılmışı botulizm adlanan qida zəhərlənməsidir.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, ev şəraitində konserv hazırlayarkən hər şeydən əvvəl xammal kimi istifadə olunacaq meyvə-tərəvəz sağlam, zədəsiz olmalı, yaxşı yuyulmalı, saplağı varsa kəsilib götürülməlidir. Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda, onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda yaşayan, botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Bununla əlaqədar, konservləşdirmə zamanı həm məhsulun yerləşdiriləcəyi qablaşdırmaların, həm də meyvə-tərəvəzin yaxşı yuyulmasına diqqət yetirilməlidir.

Bundan başqa, konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi və “bombaj” halının yaranması baş verir. Belə ki, hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Bunlardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb ola bilər. Bir sıra hallarda isə tərəvəz konservləri mikroorqanizmlərin inkişafı ilə əlaqədar korlanır. Nəticədə məhsullar xarici görünüşünə görə xarab təsir bağışlayır. Belə ki, toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır, məhsulun suyu bulanıq olur və dadı dəyişir.

Konserv məhsulları alarkən nəyə diqqət yetirmək lazımdır?

İlk növbədə, konserv bankalarının görünüşünə diqqət yetirilməlidir. Bankası zədələnmiş (sınmış və ya çatlamış), qapağı şişmiş konserv məhsulları istifadə edilməməlidir. Qapağın şişməsi məhsula oksigenin keçməsinin və məhsulda bakteriyaların artmasının göstəricisidir. Konserv məhsullarının daxilindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin məhsullar istifadə edilməməlidir. Qablaşdırmadakı mexaniki zədələnmə məhsulun düzgün daşınma qaydalarına riayət edilməməsinin əlamətidir. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra istehlak edilmədiyi təqdirdə, şüşə qaba qoyulmalı və soyuducuda saxlanılmalıdır.

Həm təhlükəsizlik baxımından, həm də keyfiyyətinin aşağı düşməməsi üçün meyvə və tərəvəz, ət və balıq konservləri ev şəraitində soyuq yerdə (soyuducu, eyvan və ya zirzəmi) saxlanılımalıdır.

visiontv.az