Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
12.11.2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Noyabrın 12-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti  Volodimir Zelenski ilə görüşüb.

Ukrayna Prezidenti dövlətimizin başçısını  Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik etdi.

Görüşdə Prezident  Volodimir Zelenskinin  Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.

Prezident  Volodimir Zelenski  Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı  Azərbaycanın Qarabağda və Şərqi  Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olundu, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirildi.

Görüşdə  Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi apardılar.

visiontv.az