Azərbaycan tarixində iki müharibə var...
Azərbaycan tarixində iki müharibə var...
12.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycan tarixində iki müharibə var ki, onlar bir-birinin tam əksidir. Biri məğlubiyyətin, digəri zəfərin tarixidir. Biri dağılmanın, digəri dirçəlişin tarixidir. 1988-1994-cü illərin 1-ci Qarabağ müharibəsi və 2020-ci il, 27 sentyabr - 10 noyabr 2-ci Qarabağ müharibəsi. Aralarındakı fərq təkcə nəticədə deyil. Fərq dövlətdə, orduda, cəmiyyətdə, liderdə, dünyada, hətta əsgərin ruhundadır.

1-ci müharibədə Azərbaycan dövlət deyildi. SSRİ dağılırdı, Bakıda isə hakimiyyət hər ay dəyişirdi. 1992-ci ildə bir il ərzində 3 hakimiyyət dəyişdi. Cəbhədə ordu yox, dəstələr vuruşurdu. Xocalıda qırğın olanda Bakıda hakimiyyət davası gedirdi. Müharibəni idarə edən vahid mərkəz yox idi. 2-ci müharibədə isə Azərbaycan 28 ildir qurulan dövlət idi. Vahid Ali Baş Komandan var idi. Bir mərkəzdən idarə olunan ordu var idi. Büdcə var idi, strategiya var idi, plan var idi. 1-ci müharibədə Azərbaycan ordusu könüllülərdən ibarət idi. Cəsur, vətənpərvər, amma təlimsiz, silahsız, rabitəsiz insanlardan təşkil olunmuşdu. Əsgərin əlində ov tüfəngi, qarşısında erməni tankı var idi. Rusiyanın 366-cı alayı Xocalıda vuruşurdu. Erməni ordusu təlimli idi, arxasında Moskva dururdu. Azərbaycan əsgəri cəsarətlə vuruşdu, amma cəsarət tək başına tankı dayandırmır. 2-ci müharibədə isə Azərbaycan ordusu tam fərqli idi. 20 il ərzində qurulan peşəkar ordu. Xüsusi təyinatlılar, komando briqadaları, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli artilleriya, müasir rabitə sistemi. Əsgər artıq tək deyildi. Onun arxasında dron, artilleriya, kəşfiyyat, tibb, logistika var idi. 1-ci müharibədə ordu yox idi, qəhrəmanlar var idi. 2-ci müharibədə həm ordu var idi, həm qəhrəmanlar. 1-ci müharibədə cəmiyyət parçalanmışdı. Bakıda mitinqlər, hakimiyyət davası, qaçqın düşərgələri, aclıq. İnsanlar bir-birinə inanmırdı. "Cəbhəyə getmək" yox, "cəbhədən qaçmaq" dəb idi. 2-ci müharibədə isə Azərbaycan tarixində ilk dəfə olaraq tam birləşdi. İqtidar-müxalifət fərqi silindi. Bakıdakı da, Gəncədəki də, Naxçıvandakı da, xaricdəki də eyni sözü dedi. "Qarabağ bizimdir." 44 gün ərzində heç kim "müharibəni dayandırın" demədi. Analar oğlunu cəbhəyə yola salanda ağlamadı, qürurla yola saldı. Gənclər könüllü yazıldı, növbəyə durdu. 1-ci müharibədə dünya Azərbaycana qarşı idi. Erməni lobbisi ABŞ-da, Fransada, Rusiyada güclü idi. Azərbaycanı heç kim tanımırdı. BMT-nin 4 qətnaməsi kağızda qaldı. Heç kim icra etmədi. Rusiya açıq Ermənistana silah verirdi. Azərbaycan isə tək idi. 2-ci müharibədə mənzərə dəyişdi. Azərbaycan 28 ildə neft, qaz, iqtisadiyyat, diplomatiya ilə özünə dost qazandı. Türkiyə açıq dəstək verdi. Pakistan, İsrail, Ukrayna dəstək verdi. Rusiya bu dəfə neytral qaldı. Çünki Azərbaycan artıq zəif deyildi. Çünki Azərbaycan artıq Rusiyanın "arxa bağçası" deyildi. 1-ci müharibədə dünya Ermənistana silah verirdi. 2-ci müharibədə dünya Azərbaycanın haqlı olduğunu qəbul etməyə məcbur oldu. 1-ci müharibədə liderlik yox idi. Mütəllibov, Elçibəy hər biri qısa müddət hakimiyyətdə oldu, heç biri müharibəni tam idarə edə bilmədi. 2-ci müharibədə isə vahid liderlik var idi. Prezident İlham Əliyev 17 il ərzində müharibəyə hazırlaşdı. O, müharibəni günbə gün idarə etdi. Hər gün xalqa müraciət etdi, hər kəndin azad olunmasını özü elan etdi. Əsgər bilirdi ki, Ali Baş Komandan onu izləyir. Xalq bilirdi ki, lider cəbhədədir. Düşmən bilirdi ki, qarşısında qətiyyətli rəhbər var. 1-ci müharibədə liderlər Bakıda oturub cəbhəni televizordan izləyirdi. 2-ci müharibədə lider cəbhəni idarə edib Bakıdan xalqa çatdırırdı. 1-ci müharibənin nəticəsi 20 min şəhid, 1 milyon qaçqın, 20% torpaq itkisi. 2-ci müharibənin nəticəs Azərbaycanın ərazi bütövlüyünün təsdiqi. 2020-ci il 8 noyabrda Şuşa azad olundu, 10 noyabrda Ermənistan təslim aktına imza atdı. Buna görə 8 Noyabr təkcə qələbə günü deyil. 8 Noyabr dərs günüdür. 1-ci müharibə bizə öyrətdi ki, dövlətsiz millət torpaq saxlaya bilməz. Parçalanmış xalq müharibə qazana bilməz. Lideri olmayan ordu qələbə çala bilməz. 2-ci müharibə bizə öyrətdi ki, dövlət güclü olanda, millət bir olanda, ordu peşəkar olanda, lider qətiyyətli olanda 30 illik işğalı 44 günə bitirmək olar. Bu gün 8 Noyabrı qeyd edəndə biz təkcə 44 günü yox, 30 ili xatırlayırıq. 30 il gözlədik, 30 il ağladıq, 30 il hazırlaşdıq. Və 44 gündə hamısını geri aldıq. 1-ci müharibənin şəhidləri boşuna ölməyib. Onların qanı 2-ci müharibənin zəfərinə yol açdı. Onlar olmasaydı, biz itkinin nə demək olduğunu bilməyəcəkdik. Onlar olmasaydı, biz zəfərin qədrini bilməyəcəkdik. 8 Noyabr 44 günə yazılan tarix deyil. 8 Noyabr 30 ilə yazılan tarixin 44 gündə bitməsidir. Zəfər Günün mübarək, Azərbaycan!

Şöhrət El-Dəniz

visiontv.az