Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib.
Bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir. Masada Fransa prezidenti Emmanuel Makron da yer almağa çalışarsa görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək. Bunu Şarl Mişel də anlamamış deyil. Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa İttifaqı ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Jarl Mişel üçün Avropa İttifaqı rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir. Jarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir. Əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır.
Elxan Şahinoğlu
visiontv.az