Ömrü boyu qadınların əhatəsində olan və sonda tək-tənha ölən Alen Delonun mirası kimə qalıb?
19.08.2024

Əfsanəvi fransız aktyoru Alen Delon 88 yaşında vəfat edib. Aktyor ölümündən əvvəl miras qalmaqalına son qoymağı bacarıb.

BAKU.WS xəbər verir ki, bu barədə Kp.ru saytı məlumat yayıb.

Bildirilib ki, 60-80-ci illərin seks simvolu hesab edilən Alen Delonun rəsmi olaraq tanınan üç övladı var - ikinci həyat yoldaşı aktrisa Natali Bartemidən 59 yaşlı Entoni və 34 yaşlı qızı Anuşka və model Rozali van Bremendən 30 yaşlı oğlu Alen-Fabien.

Məlumata görə, aktyorun varisləri hələ sağlığında mülk davasına başlayıblar.

Bu ilin əvvəlində Delon öz əmlakına dair sərəncam vermək hüququndan məhrum edilərək məhkəmə tərəfindən qismən fəaliyyət qabiliyyəti olmayan elan edilib. Ona kimliyi anonim saxlanılan nümayəndə təyin olunub. Delonun uşaqları bu hadisədən olduqca qəzəbləniblər.

Altı il əvvəl aktyorun varisləri evlənməsinə mane olmaq üçün tibb bacısını oğurluqda ittiham edərək ondan qurtulublar.

Qalmaqallar bununla da bitməyib. Varislər öz aralarında mübahisə etməyə başlayıblar. Entoni bacısı Anuşkanı aktyorun demensiyası ilə bağlı məlumatları gizlətməkdə günahlandırıb və o, öz növbəsində qardaşların atalarının müalicəsinə mane olduğunu söyləyib.

Daha sonra Delon özü əmlakı övladları arasında bölməklə mirasla bağlı mübahisələrə son qoyub. 

Qeyd edək ki, Alen Delon bütün həyatı boyu qadınların əhatəsində olmasına baxmayaraq, 88 yaşında tək ölüb.

Visiontv.az