“Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində paytaxtda və bölgələrdə yerləşən ümumilikdə 18 məktəbdə maarifləndirici görüşlər təşkil edib.
VisionTV.az xəbər verir ki, İctimai Birliyin sədri, tanınmış bloger Nail Kəmərli tədbirlərin müxtəlif şəhər və rayonlarda keçirildiyini bildirib.
Onun sözlərinə görə, maarifləndirmə görüşləri Lənkəranda 2, Şirvanda 2, Sumqayıtda 4, Bakının Binəqədi, Qaradağ, Səbail, Xətai və Xəzər rayonlarının hər birində isə 2 məktəbi əhatə edib.
Nail Kəmərli qeyd edib ki, tədbirlər zamanı məktəblilərə narkotik vasitələrin yaratdığı təhlükələr və asılılığın ağır nəticələri barədə məlumat verilib. Görüşlərdə əvvəllər narkotik asılılığından əziyyət çəkmiş, sonradan sağalaraq normal həyata qayıtmış şəxslər də iştirak ediblər.
İctimai Birliyin sədri bildirib ki, yeniyetmə və gənclərin mövzuya daha dərindən bələd olması üçün maarifləndirici filmlər və sosial çarxlar nümayiş etdirilib, psixoloqların iştirakı ilə müzakirələr aparılıb.
O vurğulayıb ki, bu tədbirlərin əsas məqsədi gənclərin narkotik asılılığının fəsadlarını anlamasına, sağlam həyat tərzini seçməsinə və çətinliklər qarşısında düzgün qərarlar verməsinə dəstək olmaqdır. Şəxsi təcrübələrini bölüşən keçmiş asılılıqdan əziyyət çəkmiş şəxslər isə narkotik vasitələrin həyatlarındyaratdığı çətinliklərdən və üzləşdikləri məhrumiyyətlərdən danışıblar.
Nail Kəmərlinin sözlərinə görə, real həyat hekayələri məktəblilərin narkomaniya probleminə daha həssas yanaşmasına və bu təhlükədən uzaq durmağın əhəmiyyətini dərk etməsinə kömək edir.
Qeyd edək ki, “Narkomaniyaya YOX deyək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.




