Məhəmməd peyğəmbərin diktəsiylə yazıldığı və Sasani şahı II Xosrova göndərildiyi qeyd edilən məktubda belə bir cümlə var: “Əgər islamı qəbul etsən, nicat taparsan. Əks halda, allah və onun elçisi ilə müharibəyə hazırlaş. Çünki o, (yəni) allah müharibədən yorulmaz”.
Orta əsrlər bütün dünyada müharibələrdən yorulmayan allahın hökmranlıq çağıdır. Və bu allahın orijinalı yəhudilərin Zevsi sayılan müharibə allahı Yahovadır. Hazırda var olduğuna inanılan allah da müharibələrdən yorulmayan bu allahdır.
470 və ya 510-cu ildən hesablanan Ortaçağın xalqlarının taleyi müharibələrdən yorulmayan bu allahın əlində idi. Orta əsrlər insanının öz taleyi yox idi, hansı ölkədə yaşamasından asılı olmayaraq hər kəs öz ölkəsinin taleyini yaşayırdı. Ölkənin taleyi ilə ölkə sakininin taleyini bir-birindən yalnız ölüm ayıra bilərdi.
Qərb Renessansla bu ənənəyə son qoydu; maarifçilikdən, modernizmdən sonra qərbli öz taleyini ölkəsinin taleyindən ayırdı. İnsan haqları, söz və fikir azadlığı, seçki hüququ, etiqad özgürlüyü və s. bütün sekulyar dəyərlər bu ayrılığın nəticəsi və təzhürüydü.
Bu gün yalnız müsəlmanlar öz ölkələrinin taleyini yaşamağa məhkumdur. Heç bir müsəlmanın öz ölkəsindən ayrılmış taleyi yoxdur, varsa, demək ki, o ya Qərbə köçüb, ya da öz ölkəsində islamın şərtlərinə zidd yaşayır, yəni harama bulaşıb.
Müsəlman aləminin inkişafdan qalmasının sosial səbəbi də budur: Müstəqil talelərin olmaması. Vətəndaşın müqəddəratının ölkənin müqəddəratından asılı olması.
Səbəb? Çünki biz hələ də müharibələrdən yorulmayan allahın hökmranlıq etdiyi Ortaçağ ənənələrindən imtina edə bilməmişik. Müsəlmanı öz ölkəsinin taleyinə şərik edən müharibə, aclıq, yoxsulluq, quraqlıq, bir sözlə, ümummilli fəlakət təhdididir.
Belə bir təhdid ehtimalı müsəlmanı müstəqil tale yaşamaqdan məhrum edir. Müsəlmanlar eyni bir taleyə şərik olmalıdırlar ki, gözlənilən təhdid qarşısında tək qalmasınlar. Bu məcburi birliyin təməlini müharibələrdən yorulmayan Ortaçağ allahı qoyub.
Bakıdakı tıxaclar da müstəqil taleyi olmayan insanlarımızın yaradıcılığıdır.
Müsəlman ölkələrində nə qədər ki, müstəqil talelər olmayacaq heç bir inkişaf da olmayacaq. Sadəcə, çürümüş taxtalarını yeniləyəcəyik, köhnə gəmi isə olduğu kimi qalacaq.
Aqşin Yenisey
visiontv.az