XALİDƏ HİCRAN HİKMƏTLİ BEYTLƏR
29.09.2026

4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. İYİRMİ BİRİNCİ HİSSƏ

Ürək gər hiss etmirsə kiminsə ağlamağın,

 Faydası yox göz ilə min bir kərə baxmağın.

                             ***

Zamanla keçir ömür, gah asta, gah da iti,

Ömrü zamanlar biçir, əldə iti kərənti.

                              ***

Ehtiyacdırsa insan bircə tikə çörəyə,

O tikənin yarısın gərək verə özgəyə.

                               ***

Olmasaydı dünyada ikiüzlü yaltaqlar,

İçəridə qalardı sən tikdiyin yamaqlar.

                               ***

Əlində tutsa əsa, demə ömrüdür qısa,

Bilinmir əcəl vaxtı, dayansa da pusquda.

                                ***

Ağacların içində bar verməyən olur çox,

Payız xəzanından heç yaxa qurtaran da yox.

                               ***

Hər an yada düşsə idi ölümün qorxusu,

Düz yola vadar olar insanların çoxusu.

                                ***

Qoca öküzdə təcrübə, cavanda can-cüssə,

Can qurtara bilmirlər qəssabda bıçaq görsə.

                                 ***

Bu dünya yaranandan ta Adəm və Həvvadan,

Kimi öz dərsin alıb görüb ibrət olandan.

                                ***

Birinin ləl-qızıldan olsa əgər ürəyi,

Ona özü kimisi verəcəkdir dəyəri.

                                  ***

Qılıncının kəsəri, atının yəhəri yox,

Belə bir adamın düşməni də olmaz lap çox.

                                 ***

Düz yoluna davam et, yoxsa da əldən tutan,

Var, bil, hər etdiyinə uca göylərdən baxan.

                                  ***

Kim itirmir imanı, sevir "böyük xaqanı",

Haqlılar haqqı danıb heç vaxt satmaz imanı.

                                  ***

Yoxdursa qəlb hüzuru, axtarıb tap qüsuru,

Qüsurun tapmayanın olmayacaq hüzuru.

 

Dolur səbir kasası, kiminin yox arxası,

                                                Kiminin bağı gülşən, kimin xəzan bağçası.

                               ***

Qəlbin hal-əhvalındır, icraçı bütün canın,

Sənin halın pis olsa, dərd çəkər əzaların.

                              ***

Bir acgözün xurcunu dolsa da ləl, zər ilə,

Yenə də yoxsulluqdan danışar şikayətlə.

                               ***

Zəhmətlə qazan ruzini "Ər-Rəzzaq" qoruyur,

Oğurluqla gələni oğrular oğurlayır.

                              ***

Döz dünya əzabına, burdakı müvəqqəti,

İman yolun dəyişmə, fikrində sən ol qəti.

                              ***

Yoxdur tale yorumu, kimsə də bilmir toru,

Kim ayaqdan ilişər, kim başdan tapar yolu.

                               ***

Yük alıbsa çiyninə həddindən artıq zəif,

Sən sözə xəsis olma, bir azca eylə tərif.

                                ***

Çalış ömrün boyunca heç kimə etmə tənə,

Özgəyə vurduqların sabah da dəyər sənə.

                               ***

İlin vardır dörd fəsli, hərənin öz bəhəri.

Ağız fəsildən dadsın, dilin olsun yəhəri.

                                ***

Baş elə qarışıbdır vara, pula, dövlətə,

Vaxt yoxdur şəriətə, təkcə var eyş-işrətə.

                                 ***

Düşmənliyin vardırsa səbəbi əgər gerçək,

Cavab vermək üçün dəqiq fikirləşmək gərək.

                                 ***

Önəm verirsə əgər bir insan bir insana,

O zaman önəm verər öz insanlıq adına.

                                 ***

Varmı bir gül uzaqdan cəlb etməyə insanı?

Ətrini duymasan da, o gül çağırar səni.

                                 ***

İnsani xüsusiyyət gözəldirsə bir kəsdə,

Onu tapmaq çətindir, hər bir özgə kimsədə.

                                  ***

Bir insanı tərk etsən, fikirləş, işlət başın,

Başın haqq qazandırsa, yenə fikrindən daşın.

                             ***

Tək olanda bir insan, o dərdə qalanacaq,

Yox olanda insanlıq, insanlıq azalacaq.

                               ***

Ədələt, insaf azalsa, zalımlıq artacaq,

Qəlblərsə boş qalarsa, sevgilər yox olacaq.

                              ***

Bir günahın çəkisi bilinmədi həyatda,

Məncə, belə tərəzi hələ yoxdur cahanda.

                               ***

Karvan getsə sarvanla, onun da səhvi olur,

Fikirli başla getsə, o da yolu səhv salır.

                                ***

İnsan var, nə tələbi məlum, nə də məzhəbi,

Nəfsə hakim olmasan, hər gün artır tələbi.

                                 ***

Yaşadığın hər nə var, əgər sən dərd eyləsən,

Ayını, illərini, ömrü hədər edərsən.

                                 ***

Yığma varı-dövləti, neyləyirsən sərvəti?

Az ye ki, ilan-çayan yeyər yığdığın əti.

                                  ***

Varsa bir az əməyin kiminsə həyatında,

Adın hey yaşayacaq, özün olmasan burda.

                                 ***

Bağçada yüz gül olsa, qızılgül orda solsa,

Hansı onun ətrin verər özü orda yoxsa?

                                 ***

Əməlin mahiyyəti öncə olsa da bəlli,

İnsan edər istədiyin yenə ikiəlli.

                                 ***

Yolun kəssə qəm yükü, sən bürünmə o kürkü,

Qəmə bülənd olana, ağır gəlir baş tükü.

                                 ***

Mahir dəllək olsa da əgər şahın dəlləyi,

Onun da dərdi varsa, qayçışı kəsər əyri.

                                 ***

"Tanrı məsləhəti" deyəndə də çox işlərə,

Onda fikir vermərik, həyatdakı səhvlərə.

                                ***

Cahan səni yaşadır, gah səni səndən alır,

Özündən sənə sonda bir məzar, bir ad qalır.

                                 ***

Ümid etmə özünü heç zaman özgə kəsə,

Səni səndən alacaq, səsin çıxacaq ərşə.

                               ***

Yaşananlar olsa da səninlə həmyaşıdın,

Onlara aciz qalır, hətta sənin arşının.

 

Xalidə Hİcran

visiontv.az