Dilin Mütləqliyi
30.09.2026

Ana dili, təhsil və dil imperializmi haqqında. ANA DİLİ İBTİDAİ TƏHSİLDƏ MÜTLƏQDİR.

Kompromissiz. İstisnasız.

Müzakirəyə açıq belə deyil.

Çünki neyrobilim müzakirəyə açıq deyil.

Cazibə qanununu müzakirəyə aça bilərsizmi?

Bunlar ideologiya deyil, fizikadır.

Ana dilinin ibtidai mərhələdə mütləqliyi də fizikadır.

Beynin inkişaf fizikası.

Koqnitiv arxitekturanın fizikası.

Bu millətçilik deyil.

Millətçilik siyasi seçimdir – sevgi, qorxu, qürur, kin üzərində qurulur.

Bu isə neyroelmin nəticəsidir – laboratoriyada, uzunmüddətli izləmələrdə, müqayisəli tədqiqatlarda sübut edilmiş nəticə.

Millətçi Finlandiya modelini seçmədi, neyroelm seçdi.

Millətçi Yaponiya alqoritmi yaponca qurmadı, koqnitiv zərurət qurdu.

Millətçi Estoniya eston dilini bərpa etmədi, tarixi məsuliyyət etdi.

Və bu ölkələr elmin göstərdiyi istiqamətdə getdilər.

Bu nostalji deyil.

Nostalji keçmişə baxır, itənə ağlayır.

Bu isə gələcəyə baxır, qurulacağı hesablayır.

Hesab sadədir: bu gün ana dilinin özülü qurulmayan uşağın beyni sabah yarımçıq alqoritmdir. Yarımçıq alqoritm yarımçıq həllər istehsal edir.

Yarımçıq həllər yarımçıq dövlət qurur.

Yarımçıq dövlət yarımçıq gələcək yaradır.

Bu zəncir nostaljinin işi deyil. Riyaziyyatdır.

Bütün bu esse boyunca bir metafora işlətdim – Uşağın beyni inşaat meydanıdır.

Ana dili o meydanın özülüdür.

Bu metaforanı son dəfə açaq…

İnşaat meydanındasan.

Fəhlələr işləyir.

Qaldırıcı kranlar qalxır.

Dəmir, beton, taxta – hər şey var.

Ancaq baxırsan ki, özül yoxdur.

Soruşursan: niyə?

Deyirlər: fundament qazımaq vaxt aparır.

Biz birinci mərtəbəni tikib sonra özül qazacağıq.

Daha sürətli olur belə.

Bu absurd görünmürmü?

Bizdə də məhz bu baş verir.

Uşağa birinci sinifdən yad dildə – rus dilində məzmun yükləmək, ana dilinin özülü qazılmadan mərtəbə qaldırmaqdır. Mərtəbə görünür – hətta gözəl görünür. Lakin özül yoxdur.

Özülsüz bina titrəyər.

Titrəməsi belə sezilməyə bilər. Çünki titrəyən bina öz titrəməsini norma kimi qəbul etməyi öyrənmişdir. "Hamı belə titrəyir" deyir. "Titrəmək müasirlikdir" deyir. "Titrəmək dünyagörüşüdür" deyir.

YOX.

TİTRƏMƏK ÖZÜL OLMADIĞINDANDIR.

Bu yazını oxuyan valideynə bir şey demək istəyirəm.

Sən övladını sevirsən.

Bu sevgidən şübhə etmirəm – bir saniyə belə.

Sən övladın üçün ən yaxşısını istəyirsən.

Bu istəkdən də şübhə etmirəm.

Lakin "ən yaxşı" sözünün içindəki ölçü sistemini soruşmaq istəyirəm.

Həmin ölçü sistemi sənə verilmişdir.

Sən seçməmisən.

Sistem sənə deyib ki, rus dili – geniş dünya, Azərbaycan dili – dar mühit.

Sistem bu ölçünü sənin şüuraltına yerləşdirmişdir – onilliklər boyunca, səssiz, görünməz.

Sən bu ölçü ilə seçim edirsən – ürəyindən gələn seçim kimi hiss edirsən.

Lakin o ölçü sənin deyil.

Ölçünü dəyişdirmək övladına verə biləcəyin ən böyük hədiyyədir.

O hədiyyənin adı: tam, dərin, özülü bərk ANA DİLİ-dir.

Üstündə hər şey qurula bilər.

İngilis dili qurula bilər.

Rus dili qurula bilər.

Çin dili qurula bilər.

Dünya dilləri qurula bilər.

Lakin özül olmadan heç biri möhkəm qalmaz.

Bunları oxuyanlar içində siyasətçi də varsa, ona da söyləyəcəklərim var.

Sən bu problemi görürsən, ya da görməməzliyə vurursan.

İkisi arasındakı fərq mühümdür.

Görməzlik bağışlana bilər – cəhalətdən gəlir.

Görməməzlik bağışlanmaz – seçimdən gəlir.

Bu problem seçim dövrünə sığmır.

Nəticəsi on il sonra ortaya çıxacaq, bəlkə iyirmi il sonra.

Siyasətçi üçün cəlbedici deyil. Lakin bu xüsusiyyət problemi dəyişdirmir. Əksinə, onu daha vacib edir. Çünki uzunmüddətli problemlər yalnız uzunmüddətli düşünən liderlər tərəfindən həll edilir. Belə liderlik nadir olduğu üçün daha dəyərlidir.

Bu esseni oxuyan gəncə də bir şey demək istəyirəm.

Sən bəlkə də içindəki o yarımçıqlığı hiss etmişsən – Azərbaycan dilindəki o boşluğu.

Bəzən öz dilindəki sözün sənə yad gəlməsini.

Bəzən öz torpağında turist kimi hiss etməyi.

Bu hissi utanc kimi daşıma.

Bu sənin qüsurun deyil. Bu sistemin sənə verdiyi mirasdır. Mirası dəyişdirə bilməzsən, lakin onunla nə edəcəyini seçə bilərsən. Öz dilini bu gün öyrənmək üçün çox gec deyil. Heç vaxt çox gec deyil. Çünki beyin plastikdir,ömür boyu öyrənir. Lakin bu gün başlamaq sabah başlamaqdan yaxşıdır. Sabah başlamaq bir il sonra başlamaqdan yaxşıdır.

Özülü gec qazmaq qazmamaqdan yaxşıdır.

Son cümləyə gəldim.

Dil bir vasitə deyil dedik.

Dil düşüncənin əməliyyat sistemidir dedik.

Dil tarixi yaddaş kartıdır dedik.

Dil kimlik arxitekturasıdır dedik.

Dil koqnitiv təhlükəsizlikdir dedik.

Dil iqtisadi kapitaldır dedik.

Bütün bunlar doğrudur.

Lakin nəticə etibarı ilə dil bunların heç biri deyil!

Dil sənin düşüncənin evidir. Ev olmayanda insan qonaq olur. Öz evindən başqasının evinə qonaq gedirsən. Qonaq yaxşı qarşılanır. Qonaq gedəndə ev sahibinə qalır, o sənin deyil.

Öz evini qur.

Özülünü qaz.

Divarlarını inşa et.

Üstündə nə qursan möhkəm olacaq.

İbrahim Nəbioğlu

visiontv.az