Müharibə hələ uzun müddət davam edəcək
Müharibə hələ uzun müddət davam edəcək
19.05.2022 Elxan Şahinoğlu Tərəfindən

Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək

Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verib ki, Mariupoldakı “Azovstal” zavodunu sökəcəklər. Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini bildirib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib. Rusiya necə ki, vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir. Halbuki, Çeçenistandan fərqli olaraq Xerson və Donbas Rusiya ərazisi deyil. Ancaq bu Kremli narahat etmir. Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq.

Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbas separatçıları idarə edəcəklər, sonrakl mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi gələcək. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq.

Bu arada, Rusiya rəsmiləri Mariupolda əsir götürdükləri “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəklərini bəyan ediblər. Halbuki, müharibə dövründə iki ölkə hərbi əsirləri dəyişirdi. Kremlin “Azov” döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. “Azov” batalyonu müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən yaralıların çoxluğu batalyonun təslim olmasına məcburiyyət yaratdı. Onları heç kim qınamır, əksinə əsl qəhrəmanlıq dastanı yaratdılar. Kreml bilir ki, “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhməran kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür.

Siyasi şərhçi Elxan Şahinoğlu

visiontv.az