Ukraynanın iyulun 24-25-də Xəzər hövzəsindəki Rusiya hədəflərinə – "Filanovski" neft platformasına, "Molniya" raket gəmisinə və sanksiyaya məruz qalan yük gəmilərinə zərbələr endirməsi yeni geosiyasi böhran yaradıb.
Bu qarşıdurma xətti Rusiya-Ukrayna müharibəsinin digər oyunçusu olan İranın Kiyevlə onsuz da gərgin olan münasibətlərini daha da qızışdırır.
İran rəsmiləri və mediası bildirir ki, iyulun 26-da Ukrayna qüvvələri Rusiya ilə hərbi yük daşıyan İran ticarət gəmisinə də zərbə endirib və nəticədə bir heyət üzvü həlak olub. Tehran bu hücumları sərt ritorika ilə pisləyərək Ukraynanı qisasla hədələyir.
Mövcud situasiyada Xəzər dənizi iki böyük müharibənin – Rusiya-Ukrayna və ABŞ-İran qarşıdurmasının - kəsişmə nöqtəsi sərhədindədir. Bu, qlobal koalisiyaların mübarizə konturlarının artıq Xəzər hövzəsində güc mövqeyinə əsaslanan addımlarla özünü göstərir.
Xəzərin hərbi eskalasiya radiusuna daxil olmasını həm də ABŞ-İsrail müttəfiqliyinin İranın regional aktivliyinə qarşı növbəti həmləsi kimi oxumaq olar. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqtonun Rusiyaya qarşı təzyiq nöqtəsi olaraq məhz Xəzəri seçməsi variantı üzərində təəssürat yaranır. Bu addım həm də Moskvanın İrana Körfəz regionunda ABŞ hərbi obyektlərini hədəf almaqda dəqiqlik qazandırmasına əks-strategiya kimi qiymətləndirilə bilər.
Daha geniş kontekst isə proseslərin arxasındakı əsl səbəblərə dair 3 əsas ehtimalı ön plana çıxarır:
1. Moskva öz əzəli rəqibi olan ABŞ-yə qarşı strateji mübarizədə İrandan təsir və təzyiq aləti qismində istifadə edir.
2. ABŞ və İsrail Ukraynadakı müharibədən bəhrələnərək rəqiblərin regional mövqelərini və hərbi-logistik xəttlərini balanslaşdırmağa çalışır.
3. Çinin Yaxın Şərqdəki maraqları böyük risk diapazonunda yellənir. Belə ki, Pekinin enerji idxalının təxminən yarısı Yaxın Şərq və Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Yaranmış yeni reallıq Çinin iqtisadi aktivlərinin dolayısı ilə Xəzər regionunda da testdən keçirildiyi mənasını ehtiva edir…
Aqşin Kərimov, Siyasi təhlilçi
visiontv.az