ABŞ-yə Çin istehsalı olan humanoid robotların idxalı qadağan edildi
29.07.2026

Amerika Birləşmiş Ştatlarının Federal Rabitə Komissiyası (FCC) Çin mənşəli yeni dördayaqlı və insanabənzər (humanoid) robotların ölkəyə gətirilməsini dayandırıb. Bu addım milli təhlükəsizliyi təmin etmək, süni intellekt (Sİ) sahəsində inkişafı xarici risklərdən sığortalamaq və mühüm sənaye sahələrini yenidən ABŞ ərazisinə cəlb etmək məqsədi daşıyır.

Visiontv.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bundan əlavə, məlumatların emalı mərkəzlərində avadanlıqların və batareyaların bərpa olunan enerji şəbəkələrinə qoşulması üçün nəzərdə tutulan enerji invertorlarının idxalı da məhdudlaşdırılıb. Qeyd olunan sanksiyalar hələlik tənzimləyici qurumun sertifikatını almayan invertor və robot modellərinə aiddir. Bununla belə, FCC-nin əvvəlcədən təsdiqlənmiş və ölkə bazarında satılan avadanlıqların icazəsini ləğv etmək səlahiyyəti də mövcuddur.

Bu addımla Donald Tramp rəhbərliyi  ABŞ-ni süni intellekt üzrə tədarük şəbəkəsini məlumat sızıntısı, kiberhücumlar və digər "Çin təhlükələrindən" mühafizə etməyi hədəfləyir. Hakimiyyət orqanları şirkətləri istehsalı  ABŞ-yə köçürməyə təşviq edir.

Çin Vaşinqtonun qərarına sərt reaksiya verib. ABŞ-dəki Çin səfirliyi ticarət məsələlərinin siyasiləşdirilməsinə və "əsassız" məhdudiyyətlərin tətbiqinə qarşı olduğunu bildirib.

Pekin  ABŞ-ni "hegemon yanaşmasından imtina etməyə və Çin şirkətlərini hədəf almağı dayandırmağa" çağırıb. Çin tərəfi öz maraqlarını qorumaq üçün lazımi addımları atacağını da açıqlayıb.

"Reuters"in mənbələrinə istinadən bildirilir ki, xarici marşrutlaşdırıcılar və dronlar üçün tətbiq olunan qadağalarda olduğu kimi, gələcəkdə  FCC tərəfindən Çinə aid olmayan bir çox təchizatçı şirkətlərə güzəştlər edilə bilər.

visiontv.az