5.08.2020
Axtar
Gündəlik
alt

Mirşahinin dərsi, Rövşənin əlləri, İbrahimin məntiqi-Şöhrət El-Dəniz

Bu gün Azərbaycan teleməkanında efirə gedən analitik proqramlar və onların aparıcıları barəsində fikir bildirəcəyəm.

Əvvəlcədən deyim ki, analitik proqram hazırlamaq sıravi aparıcının başı üçün deyil. Bunun üçün uzun illərin təcürbəsi lazım, o cümlədən ciddi siyasi, iqtisadi və sosial sahələri bilmək gərəkir. Teleməkanımızda bu göstəricilərə malik aparıcıları isə barmaqla saymaq olar. Və barmaqla saydığım həmin aparıcıların əksəriyyəti bu gün təəssüfki efirdə deyillər. Ona görə efirdə olan və peşəkar dediyim 3 nəfər haqqında qısa fikir bildirəcəyəm. Bunlar Realtv-nin şefi və “Mir Şahinin vaxtı” verilişinin aparıcısı Mirşahin Ağayev, AzTV-nin sədri, “Həftə” analitik informasiya proqramının aparıcısı Rövşən Məmmədov və ARB-də yayımlanan “Həftəyə baxış” analitik-informasiya proqramının aparıcısı İbrahim Məmmədovdur. Digər SPACE, ATV, Xəzər kimi telekanallarda analitik verilişlər yoxdur desəm yanılmaram. Adı var, bəli həftə sonu analitik-informasiya adında verilişlər hazırlanır. Amma heç bir parametrlərə görə həmin verilişlərə analitika sözünü pərçim etmək mümkün deyil. Bazar günü üçün Xüsusi Xəbər buraxılşı sözü daha çox uyğun gəlir. Xəzər televiziyasında son həftələr Gunay Malikqızı və Gunay Novruzqızı “Birinci studiya” adlı veriliş hazırlayırlar. Hər iki Gunaya böyük hörmətim var. Amma bu verilişə analitik yox, özlərinin təqdim etdiyi kimi xəbər şousu demək daha məntiqlidir. Və əslində xəbər şousu fikrini çox düzgün seçiblər. Ona görə indi deyəcəyim fikrilərə bu verilişi aid etmirəm. Bu tamam başqa bir mövzudur, başqa bir yazıdır. Sağlıq olsa Gunaylardan və onların “Birinci studiya”larındanda yazacağam.
Keçək mətləbə. Hər 3 şəxsin cəmiyyətdə müəyyən nüfuza sahib olduqlarını nəzərə alaraq hazırladıqları verilişlər haqqında dünyada qəbul olunmuş “analitik düstur” çərçivəsindən münasibət bildirəcəyəm.
1. Hədəfi müəyyən etmək
2. Hədəfə diqqəti yönəltmək
3. Hədəf haqqında informasiyanın etibarlılığı və sübuta yetirilməsi
4. Aparıcının hədəfi görmə bucağı
5. Əks-reaksiyanı nəzərə almaq
Yazdığım bu bəndələrdən ibarət “analitik düstur” formulundan adını çəkdiyim aparıcılar öz verilişlərində tətbiq edirlər desəm yanılmaram. Amma…

Məntiqi analiz problemi

Ən böyük əmma da aparıcının məntiqi analiz qabiliyyətinə sahib olmasıdır. Yoxsa yuxarıda sadaladığım maddələrin heç bir əhəmiyyəti olmayacaq.

Mirşahin Ağayev və “Mir Şahinin vaxtı”

Kimin nə deməyindən asılı olmayaraq Mirşahin peşəkardır və teleməkanda öz məktəbini yaradan şəxsdir. Onun məktəbindən çıxan onlarla məşhur telejurnalistlər var. Ki, bu gün söz sahibinə çevriliblər. Bu gün Mirşahinin efirdən dediyi hər bir cümlə ortalığı bomba kimi düşür. Mənfi və yaxud müsbət reaksiyalara rəğmən o dediyi sözün sahibi kimi arxasında durur. Lazım gələndə dediyi sözə görə savaş belə açır. Savaşda isə bütün üsullar, hətta qurşaqdan aşağı vurmaq belə mübahdır. Bu baxımdan Mirşahin, “Mir Şahinin vaxtı” verilişində tamaşaçıya analitika təqdim etmir, dərs keçir. Dövləti, ölkəni, Prezidenti sevməyin yolunu öz üslubu ilə başa salır. Düzdür dediyim kimi bəzən bu üslub çox gobud ifadələrlə müşahidə olunur. Amma neynəmək olar, bəzən müəllim də şagirdinə hirslənəndə gobud ifadələr işlədir. Ki, cığal və adi sözü anlamayan şagirdini formalaşdığı mühitin dili ilə anlatsın. Beləliklə lokonik ifadə ilə fikrimi tamamlasam “Mir Şahinin vaxtı” verilişində Mirşahin analitik düsturdan istifadə etmir və elə bir istəyi də yoxdur. Mirşahin yaratdığı Mirşahin məktəbinin professoru kimi cəmiyyətə dərs vermək kimi təhlükəli, məsuliyyətli və çətin bir düstur seçib. Və o yolla gedir.

Rövşən Məmmədovun “Həftə”si

AzTV-nin gənc, tənqidə dözümü olmayan və küsəyən əməkdaşlarına bildirim ki, Rövşən Məmmədovun məmurluğu məni az maraqlandırır. Analitik proqramlara baxan bir jurnalist kimi onun hazırladığı veriliş mənim daha çox diqqətimi çəkir. Rövşən Məmmədov, AzTV-də nəyi danışıb, göstərmək olar elə onu danışır və göstərir. Bəzi məqamları çıxmaq şərtilə. Rövşən Məmmədov özünü RTR-də efirə gedən “Vesti Nedeli” verilişinin aparıcısı Dmitriy Kiselyovla müqayisə edir. Özüdə çox qabarıq formada. Məhz bu qabarıqlıq onun verilişinin ciddiliyini azaldır. Etdiyi əl hərəkətlərinin sistemsizliyi isə onu Kiselyova yox, İradə Zeynalovaya daha çox bənzədir. Veriliş boyu proqramın rejissoru Rövşən Məmmədovun AzTV-nin sədri olduğunu heç cür yadından çıxarda bilmir. Ona görə veriliş boyu 5-6 kamera ilə yuxarıdan-aşağıdan, sağdan-soldan, arxadan-qabaqdan Rövşənə tuşlanmış kameralarla keçidləri o qədər tez-tez dəyişir ki, sanki klip çəkilir təsürratı yaranır. Aparıcının nə dediyi, nədən danışdığı qalır arxa planda. Hamı Rövşənin əl hərəkətləri ilə dəyişən kadrların ansamblından yaranan görüntüyə baxmağa məcbur olur. O kadrlardan Rövşənin səsini bağlayıb, yerinə musiqi versən sanki klip çəkilişinə bənzəyəcək. Ya da Rövşən Məmmədovun kadr arxası ansambla dirijorluq etdiyini təsəvvür edəcəksiniz. Bəlkə elə buna görə hazırladığı verilişin analitik yükü tamaşaçıda inam yaradacaq qədər yetərli olmur. Düzdür analitik veriliş hazırlamaq üçün lazım olan 5 şərtə əməl edir. Amma analiz etmə məntiqi peşəkarcasına deyil. Görünür cavanlıqdan yaranan təcrübəsizlik və AzTV kimi böyük bir quruma rəhbərlik, vaxtın düzgün bölünməməsi problemini yaradır. Beləliklə Rövşən Məmmədovun “Həftə”sinə yekun vursam aldığım nəticə belə olacaq. Rövşən Məmmədov bədən dilini məntiqi analizlə zənginləşdirməlidir. Yoxsa onun “Həftə”si dediyim kimi analitik verilişdən çox, Azərbaycansayağı klipə bənzəyir. Rejissoruna da de barıtını çox etməsin. Bir də təbəssümlərin ifrat dərəcədə çoxdur və süni olduğu anlaşılandır.

İbrahim Məmmədovun “Həftəyə baxış”ı

Bir dəfə demişəm, yenə təkrarlayıram. Azərbaycan teleməkanında peşəkar analitik veriliş aparıcısı kimdir deyə soruşsanız, İbrahim Məmmədlinin adını birinci çəkərəm. 90-cı illərin əvvəllərindən gələn siyasi təcrübə, məntiqi analiz qabiliyyəti, informasiyanı analitik dilə çevirməsi İbrahim Məmmədovu adi aparıcılıqdan ciddi siyasi şərhçiyə transfer edib. Azərbaycanda baş verən siyasi-iqtisadi proseslərə baxışı, Nazirlər Kabinetində işləyən məmur obrazından yox, dünyanın siyasi institutlarının hazırladığı hesabatlardan qaynaqlanır. Hədəf seçdiyi şəxsin fikirlərini kütlənin bəyəndiyi “ura” təfəkkürü ilə deyil, tezislərə çevirərək məntiqi analizi ilə şərh verir. İbrahim Məmmədovda analitikanın ana xətti olan məntiqi analiz bazası kifayət qədər formalaşdığından hazırladığı veriliş peşəkar dəyərlər çərçivəsində qiymətləndirilməlidir. Təəssüfki İbrahim Məmmədovun hazırladığı verilişlərin effektliyini məhəllə xarakterli studiyası və dekorasiyası korlayır. Miqyas eyni deyil. Televiziyada fikirləri, dekorasiya, görüntü tamamlamalı və bütöv etməlidir. Bu baxımdan İbrahimin “Həftəyə baxış”ı bütöv və tam deyil.

Visiontv.az

Şərh