Oktyabrın 16-da keçirilən IX qurultay formal olaraq bir seçki idi. Mahiyyət etibarilə isə Azərbaycan mediasının idarəetmə fəlsəfəsində dönüş nöqtəsi hesab etmək olar. Və yaxud hesab etmək olarmı..?
İlk dəfədir Mətbuat Şurasına bir baş redaktor yox, bir pedaqoq rəhbərlik edəcək. Vüqar Zifəroğlu - BDU Jurnalistika fakültəsinin müəllimi və dekanıdır. Və ilk dəfədir İdarə Heyəti əsasən 30-40 yaşlı yeni media sahiblərindən ibarətdir.
Sual budur. Bu gəncləşmə labüd idi, yoxsa məcburi vitrin? Və niyə məhz pedaqoq?
Son 20 ildə Mətbuat Şurasına həmişə “klassiklər” rəhbərlik edib: Əflatun Amaşov, Rəşad Məcid. Hər ikisi qəzet adamı idi. Onların dövründə Şuranın əsas işi bir-biri ilə dalaşan qəzetləri barışdırmaq idi. Elə məmurların da dalaşdığı, şikayət etdiyi qəzet müxbirlərinin işinə baxırdılar, onları barışdırmağa çalışırdılar. Əli Həsənovun dövründə başqa işlər də görürdülər. Ta o barədə yazmayacam. Mənası yoxdur.
Bu model öldü. Çünki qəzetlər artıq dalaşmır, müxbirlərini də heç bir məmur şikayət etmir. Çünki qəzetlər ümumiyyətlə oxunmur.
İndi dalaşan saytlardır. Bunların davası isə inciməsinlər daha həyasızvaridir.) Və bu davanı artıq Rəşad Məcid kimi çap mədəniyyətinə sahib şəxs həll edə bilməzdi. Vüqar Zifəroğlunun seçilməsi təsadüfi deyil, konseptualdır. Mənim fikrimcə bu o deməkdir ki, yeni media artıq özünü idarə edə bilmir. Onu kənardan, akademiyadan gələn biri tərbiyə etməlidir. Məncə sözlərimə görə inciməyə dəyməz. Bu, təcürbə dünyada da var. Türkiyə Mətbuat Şurasına uzun illər professorlar rəhbərlik edib. ABŞ-da Poynter İnstitutu, jurnalistika etikası mərkəzi, məhz universitetlərin nəzdindədir.
Pedaqoqun üstünlüyü nədir?
O, prinsipcə heç bir media klanına aid deyil. Neytral ola bilər. O, bazar davasında yox, norma davasındadır. Onun üçün “klik” yox, “dərs” vacibdir. Təbii ki zəifliyi də çoxdur
Pedaqoqun əlində inzibati rıçaq yoxdur. O, tələbəni auditoriyadan çıxara bilər, amma sayt rəhbərini bazardan çıxara bilməz. Mətbuat Şurası isə ictimai təşkilatdır. Onun qərarı tövsiyədir. Müəllimin tövsiyəsinə qulaq asmayan tələbəni kəsə bilərsən, amma tövsiyəsinə qulaq asmayan saytı kəsə bilməz. Yəni Zifəroğlu üçün ən böyük sınaq bu olacaq: sinifdəki avtoritetini Şurada saxlaya biləcəkmi?
O ki, qaldı gəncləçməyə. Özləri bilir mənim onlara münasibətimi. Həmişə bacardığım kimi dəstək olmuşam. Və fikirləşirəm ki, Mətbuat Şurasında da gəncləşmə lazım idi. Çünki Azərbaycanda medianın 80%-i onlayndır. 80% onlayn medianın İdarə Heyətində 70% qəzet adamı otururdu. Bu, disbalans idi. Gənclərin gəlməsi o deməkdir ki, Şura ilk dəfə reallığı əks etdirir. Bu gənclər gündə 1 milyon oxucu yığan adamlardır. Onlarsız Şura özü özünə hesabat verən qoca klubuna çevriləcəkdi.
Amma burada bir əmma da var. O da gəncləşmə ilə peşəkarlaşmanın eyni şey sayılması.
Gənc olmaq o demək deyil ki, etik olacaqsan. Əksinə, Azərbaycanın yeni mediasının əsas etik problemi məhz gənclərin yaratdığı problemdir. Klik üçün yalan başlıq, intihar, intim videolar yaymaq, məhkəmə qərarı olmadan adamı cinayətkar elan etmək, süni intellektlə saxta xəbər düzəltmək və sair. İndi həmin problemləri yaradan nəsil, həmin problemləri həll etməlidir. Bu, paradoksdur.))
Dünya təcrübəsi nə deyir? Belə qurumlarda gənclərin fəaliyyəti effekt verirmi?2019-cu ildə Ukrayna Mətbuat Şurasını tam gəncləşdirdi. Nəticədə Şura TikTok və Telegram kanallarını idarə edə bilmədi. Çünki gənclər bir-biri ilə rəqib idi. Bir-birini cəzalandıra bilmədi. Şura nüfuzunu itirdi. Amma Qazaxıstanda effekt verdi. Şuranı gəncləşdirdilər, amma sədri professor qoydular. Gənclər icraçı, professor isə hakim oldu. Model işlədi. Çünki gənclər bazarı bilir, professor isə balansı saxlayırdı.
Azərbaycan ikinci modelə gedir. Zifəroğlu professor-müəllim, ətrafı gənclər. Məncə düstur düzdür. Amma işləsə. Fikrimcə bundan sonra Mətbuat Şurasının aqibəti 3 istiqamətdə inkişaf edə bilər.
Bir, Şura yavaş-yavaş Mətbuat Şurası olmaqdan çıxıb Jurnalistika Məktəbinə çevriləcək. Vüqar Zifəroğlu BDU-nun resursu ilə treninqlər keçəcək, Etik Kodeksə “süni intellektlə xəbər yazmaq olmaz” kimi maddələr əlavə edilməklə sertifikatlar verəcək. Cəza yox, təhsil verəcək. Bu, dövlət üçün ən rahat modeldir. Səs-küy yox, tərbiyə var.
İki. Yeni İdarə Heyətindəki sayt sahibləri Şuranı öz aralarındakı bazar davasını həll etmək üçün istifadə edəcək. Şura etik qurumdan, müəllif hüquqları agentliyinə çevriləcək. Bu, qaçılmazdır.
Üç. Heç nə dəyişməyəcək. Şura yenə ildə bir dəfə yığışacaq, hesabat dinləyəcək, “jurnalist kimdir” sualını verəcək və dağılışacaq. Çünki Şuranın əlində real səlahiyyət yoxdur. O, özünütənzimləmədir. Özünütənzimləmə isə o zaman işləyir ki, hamı özünü tənzimləmək istəsin. Azərbaycanda isə heç kim istəmir. Hamı dövlətin tənzimləməsini istəyir.
Amma unutmayaq, Mətbuat Şurası cəza orqanı deyil, vicdan orqanıdır. Vicdanı isə nə yaşlı, nə gənc müəyyən edir. Vicdanı peşəkarlıq müəyyən edir.
Vüqar Zifəroğlunun qarşısında duran vəzifə gəncləri idarə etmək deyil, gənclərə peşəkarlığın gənc olmaqdan daha vacib olduğunu başa salmaqdır.
Bunu bacarsa, bu qurultay tarixə islahat kimi düşəcək.
P.S. Və...
Mətbuat Şurasından böyük möcüzə gözləməyin. Bu qurumun əlində nə pul var, nə də dəyənək. Əlində sadəcə bir cümlə var: “Etik ol”. Bu cümləni indi müəllim deyəcək. Tələbələr qulaq asacaqmı?
P.P.S. Vüqar Zifəroğlunu təbrik edirəm. Nəsə yenilik olacaq düşüncəsi ilə ciddi məqalə yazdım. Zarafatyana təbrik statusu də yaza bilərdim.
Şöhrət El-Dəniz
visiontv.az