Mənim işdən çıxmağımın başlanğıcı böyük Arif Məlikovla qoyuldu-yazıçı Azad Qaradərəli
02.06.2020

Komitədə işləyirdim. Bütün çıxan və daxil olan sənədlərə mənim baxmağımı tapşırmışdı sədr.

Bir də demişdi ki, bax, böyük şəxsiyyətlərin yubileyi-filanı olanda sağdırsa, bizi gözləmə, özün təbrik hazırla, gətir qol çəkək, gəndərək. Bir gün baxdım ki, Arif Məlikovun 80 illiyi yaxınlaşır. Bir gözəl təbrik yazdım, kompüterdə çıxardıb verdim aparatın rəhbərinə. O da oxuyub göndərdi müavinə. Adətən axşam saat 6-ya qədər xəbər gəlməli idi ki, mən düzəliş lazım olub-olmadığını bilim, sonra gedim. O axşam təbrikdən xəbər çıxmadı. Dedim, yəqin düzəliş lazım olmadı, göndərdilər. Səhər işə gələndə isə fırtına qopmuşdu artıq. "Sizə kim deyib ki, Arif Məlikova təbrik yazın?!" Bildiyiniz cavabı verdim. Və bir az sonra sədrin yanında əsl mərəkə başladı. Mənim özündən müştəbehliyim kəskin tənqid olundu. Hətta az qala siyasi səhv kimi yozulacaqdı, nədənsə sədr bir qədər sonra yasaladı...

Sonra nələrin olduğunu yazmışam və mənim işdən çıxmağımın başlanğıcı böyük Arif Məlikovla qoyuldu. Və açıq deyəcəm: bununla fəxr edirəm. Fəxr edirəm ki, əfsanəvi musiqiçinin şərəfinə yazdığım təbrikə görə həyatımın ağır gününü yaşamışam... Amma bir məsələnin kökünə hələ indi də vaqif ola bilməmişəm: Arif Məlikovla bizim sədrin ədavəti vardımı, ya məsələ lap yuxarı dairələrə gedib çıxırdı...
Amma bir həqiqət vardı: Arif müəllimin "Məhəbbət əfsanəsi" bütün dünyanı dolaşsa da, Azərbaycan Opera və Balet teatrı bu əsəri yaxına buraxmırdı... Məsələ bu qədər sadə və qəliz... Hə, bir məsələ qaldı: sədrin yaxın qohumu, komitənin aparat rəhbəri mənim istefamdan sonra xaricə qaçdı. Hələ də oralarda girələnir...

Və lap sonda: oxudum ki, böyük Arif Məlikovun qəbirüstü abidəsi ucaldlıb. Gərək dostlarla bir gün çiçək dəstəsi alaq, gedək o əfəndi adama təzim edək, ziyarətçi olaq. Yerin pərqu olsun, böyük adam!

Visiontv.az