Lənkəran məktəblərində şagirdlərə narkotik asılılığının təhlükələri izah olunub
25.10.2025

Lənkəran şəhərində fəaliyyət göstərən 1 və 8 saylı orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniya və digər zərərli asılılıqların qarşısının alınmasına yönəlmiş maarifləndirici tədbirlər təşkil edilib

Visiontv.az “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniyaya YOX deyək” layihəsi çərçivəsində baş tutan görüşlərə 9–11-ci sinif şagirdləri cəlb olunublar.

Tədbirlərdə yeniyetmələrə narkotik vasitələrin fiziki və psixoloji sağlamlığa mənfi təsirləri, ailə münasibətlərində yarada biləcəyi problemlər və insanın gələcək həyatına vurduğu zərər barədə məlumat verilib. Asılılığın erkən mərhələdə qarşısının alınmasının vacibliyi vurğulanıb, sağlam həyat tərzinin seçilməsi və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti izah edilib.

Maarifləndirmə proqramı çərçivəsində şagirdlərə narkomaniyanın fəsadlarını əks etdirən sosial çarxlar və filmlər göstərilib. Psixoloqların iştirakı ilə keçirilən müzakirələrdə məktəblilərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin diqqətçəkən məqamlarından biri də vaxtilə narkotik asılılığı yaşamış şəxslərin öz təcrübələrini bölüşməsi olub. Onlar keçdikləri həyat yolu barədə danışaraq narkotik vasitələrin insan həyatında yaratdığı çətinlikləri və asılılığın ağır nəticələrini şagirdlərin diqqətinə çatdırıblar.

İctimai Birliyin sədri, tanınmış bloger Nail Kəmərli bildirib ki, bu təşəbbüslər vasitəsilə yeniyetmələrin narkotik vasitələrin təhlükələri barədə məlumatlandırılması və onların zərərli vərdişlərdən uzaq durmağa təşviq edilməsi hədəflənir.

Qeyd edək ki, 28 dekabr 2024-cü ildə dövlət qeydiyyatına alınmış “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyi narkotik və psixotrop maddələr, tütün məhsulları, spirtli içkilər, rəqəmsal və qumar oyunları ilə əlaqəli zərərli asılılıqların profilaktikası istiqamətində fəaliyyət göstərir. Təşkilat, həmçinin asılılıqdan əziyyət çəkmiş şəxslərin müalicə və reabilitasiya prosesinə dəstək verməyi qarşıya məqsəd qoyub.