Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ni “soyqırım”da ittiham edib
01.08.2026

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ni ölkəsinə qarşı “soyqırımı” həyata keçirməkdə və adanı ələ keçirməyə çalışmaqda ittiham edib.

Dias-Kanel bu barədə Pinar-del-Rio şəhərində 1953-cü ildə diktator Fulxensio Batistaya qarşı qaldırılmış üsyanın 73-cü ildönümünə həsr olunan mitinqdə çıxışı zamanı danışıb.

Kuba lideri bildirib ki, ölkəsi əvvəlcədən və soyuqqanlı şəkildə hesablanmış “soyqırımı”nın qurbanına çevrilib.

Onun sözlərinə görə, Vaşinqtonun siyasəti Kubanı iqtisadi baxımdan boğmağa yönəlib.

Dias-Kanel ABŞ-nin təzyiqlərini “bütöv bir xalqı hədəfə alan iqtisadi boğma siyasəti” adlandırıb.

ABŞ yanvar ayında Kubaya qarşı neft embarqosu tətbiq edib. Bundan sonra ölkədə elektrik enerjisi böhranı daha da dərinləşib.

Kubanın bir çox bölgəsində gündəlik elektrik kəsintilərinin müddəti 20 saatı ötüb.

Yanacaq çatışmazlığı səbəbindən sənaye istehsalının böyük hissəsi dayanıb, su və dərman qıtlığı isə əhalinin vəziyyətini daha da ağırlaşdırıb.

Ölkə daha əvvəl tətbiq olunan ABŞ sanksiyalarının, eləcə də inflyasiyanı sürətləndirən maliyyə islahatlarının nəticələri ilə də üzləşir.

Dərinləşən böhran fonunda bir sıra iri beynəlxalq şirkətlər Kuba bazarını tərk edib.

Visa və Mastercard ödəniş şirkətləri, İspaniyanın Melia hotel şəbəkəsi, həmçinin Air Canada və Air France Kubadakı fəaliyyətlərini dayandırıblar.

Dias-Kanelin açıqlaması ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı səsləndirdiyi bəyanatdan sonra verilib.

Tramp daha əvvəl ABŞ-nin Kubanı “nəzarətə götürə” biləcəyini bildirib.

Bu bəyanat yanvar ayında Venesuelanın keçmiş prezidenti və Kubanın müttəfiqi Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi ilə bağlı hadisələrdən sonra səsləndirilib.

Dias-Kanel Vaşinqtonun təzyiq kampaniyasının məqsədinin təkcə Kuba hökumətini zəiflətmək olmadığını deyib.

Onun sözlərinə görə, ABŞ bütöv bir xalqı cəzalandırmaq və nəticədə ölkəni mənimsəmək istəyir.

Kuba rəhbəri bildirib ki, neft tədarükünün məhdudlaşdırılması, maliyyə sisteminə təzyiq və beynəlxalq şirkətlərin adadan çıxması gündəlik həyatı iflic vəziyyətinə salıb.

Elektrik enerjisinin uzun müddət verilməməsi xəstəxanaların, su təchizatı sistemlərinin, nəqliyyatın və ərzaq istehsalının fəaliyyətinə ciddi təsir göstərir.

Dias-Kanel Kubanın təzyiqlərə baxmayaraq suverenliyindən imtina etməyəcəyini və xarici müdaxiləyə qarşı müqaviməti davam etdirəcəyini vurğulayıb.

visiontv.az