Jurnalistika sözün həqiqi mənasında elit peşəyə çevrilməlidir - Əflatun Amaşov
14.01.2021

Media sahəsində islahatlar kifayət qədər əhatəli prosesdir. Elə məsələlər var ki, bu, daha çox istək və iradə ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, həmin Fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması onu deməyə əsas verir ki, mövcud istiqamətdə işlərin görülməsi üçün ali iradə var.

Azərbaycan dövləti Prezident İlham Əliyevin şəxsində hər zaman mediaya həssas yanaşıb. Bu, özünü istər konkret tədbirlərdə, istərsə də qanunvericilik bazasının təkmilləşməsində göstərib və bu, davamlı prosedir. Sevindirici haldır ki, davamlılıq eyni zamanda yeni çağırışlara adekvat münasibətin ortaya qoyulmasını hədəf seçir.

Yeni çağırışlar yeni tələblər müəyyənləşdirir. Onların yerinə yetirilməsi şərtdir. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaqdır.

Media sahəsində görülməli işlər çoxdur. İnternet medianın hüquqi münasibətlər sistemində özünə yer almasından tutmuş kütləvi informasiya vasitələrinin reklam bazarında iştirakçılığınadək bir çox məqamları vurğulamaq mümkündür. Ayrıca vurğulanmalı məqam jurnalist məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, bunun fövqündə qanunun dayanmasının vaxtı gəlib çatıb.

Ümumən 2 məqamı fərqləndirərdim. Birincisi, media sahəsində səliqə-sahmanın yaradılması. İkincisi, medianın iqtisadi imkanlarının daha da artırılması. Əslində qeyd etdiklərimin ikisi də müəyyən mənada bir-birilə əlaqəlidir. Lakin səliqə-sahman dedikdə burada ilk növbədə fundamental hüquqi islahatlar vurğulanmalıdır.  

Digər tərəfdən, jurnalistika sözün həqiqi mənasında elit peşəyə çevrilməlidir. Yalnız ona görə yox ki, biz bunu istəyirik. Biz bütün peşə sahiblərinin daha yaxşı həyat şəraitinin olmasını arzulayırıq. Ancaq jurnalistikanı fərqli edən bilavasitə informasiya ilə bağlılıqdır. O informasiya ilə ki, onun milli təhlükəsizlik sistemində çəkisi hər ötən gün daha çox artmaqdadır. Deməli, informasiya amilinə yanaşma və tələb dəyişməlidir. Müvafiq olaraq işin effektivliyi baxımında bu sahədə çalışanların sosial təminatına baxış da həmçinin.

Qarşıda gediləsi böyük bir yol var. Təbii, əsas məsələ niyyətdir, istəkdir, əvvəldə də dediyim kimi iradədir. Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə, məsuliyyətli mühit formalaşdırmaqdırsa, bütün vasitələr keçərlidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi ali niyyətin gerçəkləşməsi yolunda mühüm işlək vasitəyə çevriləcəkdir.

AMŞ Sədri
Əflatun Amaşov