İsraildə İrana casusluqda şübhəli bilinən şəxs saxlanılıb
03.08.2026

İsraildə 34 yaşlı təcili yardım sürücüsü İranın xeyrinə casusluq etməkdə və kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinərək həbs edilib.

İsrail polisi ərəb kəndi Bainadan olan Əmir Haşem Məhəmməd Titinin ötən ay saxlanıldığını və onun barəsində Hayfa Məhkəməsində ittiham aktının hazırlandığını açıqlayıb.

Məlumata görə, şübhəli şəxs tibb müəssisələrinə rəsmi giriş imkanından istifadə edərək məlumat toplayıb və maraq doğuran obyektlərin fotolarını çəkib. O, İsrail prezidenti İshaq Hersoqun Nahariyadakı xəstəxanaya səfəri zamanı onun görüntüsünü lentə alıb.

İttihamnaməyə əsasən, Titi İsrail ərazisindəki tibb müəssisələrinə giriş imkanından sui-istifadə edərək İrandakı əlaqə saxladığı şəxslərə, o cümlədən fövqəladə vəziyyətlər zamanı xəstəxanaların hazırlıq vəziyyəti ilə bağlı məxfi məlumatlar ötürüb.

Bildirilir ki, Titi bu casusluq fəaliyyəti müqabilində on minlərlə şekel alıb və ödənişlər ona kriptovalyuta vasitəsilə köçürülüb.

 

visiontv.az