Telegram-ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa veriləcək
02.08.2026

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Pavel Durova terrorçuluğa yardım maddəsi ilə ittiham irəli sürüldüyünü açıqlayıb.

Qurumun iddiasına görə, Telegram-ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa elan ediləcək. Bildirilir ki, messencer administrasiyası Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada terror aktları və kütləvi qətllərin hazırlanması üçün istifadə etdiyi iddia olunan kanalları, çatları və botları silməyib.

FSB həmçinin iddia edir ki, Ukrayna xüsusi xidmət orqanlarının Telegram vasitəsilə törətdiyi deyilən cinayətlər çoxsaylı insan tələfatına, o cümlədən qadın və uşaqların ölümünə, eləcə də böyük həcmdə maddi ziyana səbəb olub.

Bununla yanaşı, TASS-ın məlumatına görə, vəkil Aleksandr Jerebenkov bildirib ki, Pavel Durovun təqsiri sübuta yetirilərsə, o, Rusiyada ömürlük azadlıqdan məhrum edilə bilər. Onun sözlərinə görə, Durovun qiyabi həbs edilməsi və sonradan ekstradisiyası da mümkündür.

visiontv.az