İsrail "Hizbullah"ın elit bölməsinin səhra komandirinin öldürüldüyünü bildirib
19.07.2024

İsrail ordusu və iki təhlükəsizlik mənbəyinin cümə axşamı bildirdiyinə görə, "Hizbullah"ın elit "Radvan Qüvvələri"nin səhra komandirlərindən biri İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində öldürülüb. O, qrupun aylardır İsraillə sərhəddə baş verən atışmalar nəticəsində öldürülən son yüksək rütbəli üzvüdür.

Təhlükəsizlik mənbələri Həbib Maatukun aprel ayında İsrailin zərbələri nəticəsində öldürülən elit bölmənin digər komandiri Əli Əhməd Hasini əvəz etdiyini bildirib.

İsrail ordusu "Radvan Qüvvələri:"nin əməliyyat bölməsinin Əli Cəfər Maatuk adlı komandirini və "Radvan Qüvvələri"nin Hacir bölgəsindəki əməliyyatlarına cavabdeh olan digər komandirini öldürdüyünü bildirib. Zərbə zamanı "Radvan Qüvvələri"nin digər döyüşçülərinin də öldürüldüyü bildirilib.

Mənbələrin bildirdiyinə görə, Maatuk sərhəddə yerləşən Safad Əl-Battix və Cmaycmeh kəndlərinə endirilən bir neçə zərbədən birində öldürülüb. Yaxınlıqdakı Tebnine dövlət xəstəxanasının direktoru Məhəmməd Həmadi Reuters xəbər agentliyinə 18 yaralının onun xəstəxanasına çatdırıldığını deyib.

Reuters yaralananlardan neçəsinin döyüşçü, neçəsinin mülki vətəndaş olduğunu müəyyən edə bilməyib.

"Hizbullah" lideri Həsən Nəsrullah çərşənbə günü etdiyi çıxışda İsrailin daha çox mülki vətəndaşa zərbə endirəcəyi təqdirdə qruplaşmanın ona qarşı hücumlarının miqyasını genişləndirəcəyi barədə xəbərdarlıq edib.

Cümə axşamı səhər saatlarında HƏMAS Livanın Qərbi Bekaa bölgəsində İsrailin endirdiyi zərbə nəticəsində komandirlərindən birinin, cənubundakı Cbal Əl-Botm qəsəbəsində isə İsrailin hücumu nəticəsində "Hizbullah"ın bir üzvünün öldürüldüyünü bildirib.

"Hizbullah" İsrailin Safed şəhərindəki Filon bazası da daxil olmaqla, gün ərzində İsrailə onlarla raket və qumbara zərbələri endirdiyini bəyan edib.

visiontv.az