İrəvan Xanlığında səhiyyə və əczaçılıq İnzibati-təşkilati sistem və praktik tibb irsi
03.07.2026

Tarixi yaddaşın bərpası və müasir dərslər.

İrəvan Xanlığının timsalında tarixin ən az araşdırılmış, lakin bəşəriyyət üçün fundamental əhəmiyyət kəsb edən "yaşamaq elmi" — səhiyyə və əczaçılıq mədəniyyəti dayanır. Bu tədqiqatın məqsədi, arxiv qatlarında gizlənmiş İrəvanın yüksək texnoloji və administrativ idarəçilik irsini müasir diskursa inteqrasiya etməkdir. İrəvan Xanlığı sadəcə bir inzibati vahid deyil, bütöv bir ekosistem idi: burada suyun idarə olunması, kənd təsərrüfatı və əczaçılıq bir-birini tamamlayan "dövrəli iqtisadiyyat" prinsipi ilə fəaliyyət göstərirdi. Məqalə, Şərqin empirik biliyi ilə yerli inzibati nəzarət mexanizmlərinin yaratdığı səhiyyə modelinin sistemli təhlilinə həsr olunub.

İnzibati-tənzimləyici mexanizmlər Səhiyyənin dövlət nizamı

İrəvan Xanlığında səhiyyə işi kortəbii xarakter daşımamış, hüquqi və ictimai nəzarət mexanizmləri ilə tənzimlənmişdir:

-İnzibati nəzarət və mühtəsiblik: Şəhər bazarında dövriyyədə olan dərman bitkiləri, yağlar və ədviyyatların keyfiyyəti "Mühtəsib" institutu tərəfindən həyata keçirilən ciddi nəzarət altındaydı. Mühtəsibin funksionallığı müasir Dərman Nəzarəti Agentliklərinin prototipi sayıla bilər. Vaxtı keçmiş, yaxud saxtalaşdırılmış məhsulların satışının qarşısının alınması, xanlığın ictimai sağlamlıq siyasətinin mərkəzində dayanırdı.

-Hüquqi məsuliyyət və etika:
 Həkimlərin peşəkar fəaliyyəti İbn Sinanın "Əl-Qanun fi-t-Tibb" əsərində təsbit edilmiş "həkimin bacarıqsızlığı halında cərimə" (damın) prinsipi ilə tənzimlənirdi. Şəriət məhkəmələri qeyri-peşəkar müalicə hallarını araşdırır, həkimin maddi və hüquqi məsuliyyətini müəyyən edirdi. Bu yanaşma, formal tibbi lisenziyalaşdırmanın olmadığı dövrdə, peşəkar məsuliyyəti və xidmət keyfiyyətini təmin edən effektiv bir mexanizm idi.

Farmakoloji irs "Fəvaidül-hikmət" və qlobal elmi sintez

XVIII əsrdə yaşamış  Hacı Süleyman Qacar İrəvaninin "Fəvaidül-hikmət" əsəri, regionun tibb elminin ensiklopedik zirvəsi olmaqla yanaşı, təkcə kliniki reseptlər toplusu deyil, həm də müəllifin mütəfəkkir alim və geniş təcrübəyə malik təbib kimi malik olduğu intellektual potensialın məhsulu olan sistemli bir bilik bazasıdır. İrəvanın zəngin mədəni-intellektual ənənələrinin yetirməsi olan Hacı Süleyman, bu əsərdə yalnız nəzəri ənənəni deyil, həm də müxtəlif bölgələrdən topladığı empirik müşahidələrini, bitki örtüyünə və minerallara dair apardığı dərin farmakoloji araşdırmalarını vahid bir metodologiyada cəmləşdirmişdir. Onun bu fundamental əməyi Şərq tibbi paradiqmasının ən uğurlu və dolğun sintezini təşkil edir; əsər tibbi-fəlsəfi yanaşmanı konkret tətbiqi farmakologiya ilə qovuşdurmaqla, dövrün tibb elmini yeni keyfiyyət mərhələsinə qaldırmış və uzun illər boyunca regionda təbiblik sənətinin təməl, elmi istinad nöqtəsi rolunu oynamışdır.

-Metodologiya və sistematika: 

Əsər sadə resept toplusu deyil, elmi təsnifat sistemidir. 600-dən çox bitki, mineral və heyvan mənşəli vasitənin farmakoloji təbiəti (isti-soyuq xüsusiyyətləri), dozalanma qaydaları və tətbiq formaları sistemli şəkildə təqdim olunur. Bu, müəllifin həm klassik (İbn Sina, Razi), həm də lokal Azərbaycan florasına dair empirik biliklərini sintez etdiyini nümayiş etdirir.

-Çoxdilli yerminologiya (İpək Yolu pasportu)

Kitabda bitki və maddələrin ərəb, fars, türk, yunan, Çin və hind dillərindəki qarşılıqlarının verilməsi, İrəvanın transmilli tibbi-elmi informasiya mərkəzi olduğunu sübut edir. Bu çoxdilli terminoloji baza, əsərin İpək Yolu ticarət şəbəkəsi boyunca geniş coğrafiyada – o cümlədən Orta Asiya və Misir kimi mədəni mərkəzlərdə – əczaçılar və təbiblər üçün əsas istinad mənbəyi kimi istifadə olunmasına şərait yaratmışdır.

Aqro-farmakoloji iqtisadiyyat, "Hidravlik inteqrasiya" və resurs səmərəliliyi

İvan Şopenin statistik məlumatları və dövrün təsərrüfat sənədləri İrəvan xanlığının iqtisadi modelini "aqro-farmakoloji klaster" kimi xarakterizə etməyə əsas verir. Bu sistemin Avropa ilə müqayisəsi, texnoloji fəlsəfənin fərqli vektorlarını üzə çıxarır:

-Hidravlik gücün optimallaşdırılması

Zəngi çayının hidroenerji potensialı təkcə taxıl üyütmək üçün deyil, bitki yağlarının (qarpız tumu, küncüt, pambıq çiyidi) soyuq sıxılma (cold-press) texnologiyası ilə emalı üçün istifadə edilirdi. XVIII əsrdə Avropada yağ emalı daha çox heyvan gücünə və ya ibtidai mexaniki preslərə söykəndiyi halda, İrəvanda bərpaolunan su enerjisinə keçid yüksək məhsuldarlıq təmin edirdi.

Texnoloji fərq (Cold-Press vs. kimyəvi ekstraksiya)

 Avropa kimya sənayesi XVIII əsrin sonlarında daha çox "ekstraksiya" (kimyəvi həlledicilərlə) metoduna keçid edirdi ki, bu da məhsulun tərkibindəki bioloji aktiv komponentlərin deqradasiyasına səbəb olurdu. İrəvanın soyuq sıxılma texnologiyası isə məhsulun farmakoloji aktivliyini, vitamin və tərkib xüsusiyyətlərini qoruyurdu. Bu, İrəvanın texnoloji yanaşmasının "ekoloji səmərəlilik" və "məhsulun keyfiyyəti" üzərində qurulduğunu sübut edir.

-İnstitusional klasterləşmə

 İrəvanda yağ istehsalı, boyaqçılıq və tibbi məlhəm istehsalı vahid şəbəkədə birləşmişdi. Bir məhsulun tullantısı digər sahə üçün xammal rolunu oynayırdı (Zero-Waste). Bu model, İrəvanı təbii kimya sahəsində ixtisaslaşmış, inteqrasiya olunmuş klaster kimi səciyyələndirməyə imkan verir.

Nəticə

​İrəvan Xanlığının tibb və səhiyyə modeli, xalq təbabəti ilə yüksək inzibati-iqtisadi tənzimləmənin vəhdətindən ibarət idi. Xanlığın süqutu ilə bu sistemin dağılması, sadəcə memarlıq abidələrinin deyil, yüz illərlə formalaşmış, ekoloji cəhətdən dayanıqlı və yüksək texnoloji bilik daşıyıcılarının (təbiblər, əttarlar, hidravlik mühəndisləri) sıradan çıxarılması idi. Bu irsi araşdırmaq keçmişə qayıtmaq deyil, müasir dövrün ekoloji və tibbi problemlərinə "sistemli yanaşma" prinsiplərini yenidən kəşf etməkdir. Hacı Süleyman Qacar İrəvaninin miras qoyduğu bu "İrəvan kodu"nu dərk etmək, keçmişin elmi potensialını müasir dünyaya təqdim etmək üçün strateji əhəmiyyət kəsb edir.

İsgəndər Sərdarlı, Araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü. 

İstinadlar və mənbə bazası

-İrəvani, H. S. Q. "Hikmət xəzinəsi (Fəvaidül-hikmət)". Fars dilindən tərcümə: K. Abbasova. Bakı: AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, 2017.

-Şopen, İ. "İrəvan bölgəsinin tarixi abidələrinin vəziyyəti və Rusiya imperiyasına birləşdirilməsi dövründəki vəziyyəti", 1852.

-Ələkbərli, F. "Azərbaycan tibb tarixi", Bakı, 2010.

-AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, arxiv materialları.