Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyanı gözləyən yeni iqlim təhlükəsi barədə xəbərdarlıq edib.
Visiontv.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, artıq müşahidə edilən El-Ninyo təbiət hadisəsi iyul-sentyabr aylarında daha sürətlə güclənərək kəskin fazaya qədəm qoya bilər. Bu fenomen qlobal miqyasda quraqlıq, şiddətli leysan və qeyri-adi istilər kimi ekstremal hava şəraiti risklərini əhəmiyyətli dərəcədə yüksəldir.
ÜMT dünya dövlətlərini yarana biləcək təbii fəlakətlərin fəsadlarına qarşı təxirəsalınmaz tədbirlər görməyə səsləyib. Nüfuzlu iqlim mərkəzlərinin hesablamalarına görə, Sakit okeanın tropik zonalarında suyun hərarəti iqlim normasından kəskin şəkildə yuxarı olacaq və müxtəlif modellər bu proqnozu yüksək ehtimalla təsdiqləyir. Qurumdan əlavə ediblər ki, bu proses payız aylarında daha da intensivləşəcək və onun mənfi təsirləri ekvatorial Atlantika bölgəsi daxil olmaqla, geniş coğrafiyanı əhatə edəcək.
Təşkilatın rəhbəri Seleste Saulo vurğulayıb ki, vaxtında verilən mövsümi proqnozlar və erkən xəbərdarlıq sistemləri kənd təsərrüfatı, eləcə də səhiyyə sektorlarında insan həyatını və iqtisadi sabitliyi qorumaq üçün həlledici rola malikdir. Proqnozlara əsasən, quru ərazilərin əksəriyyətində temperatur orta statistik göstəriciləri üstələyəcək, yağıntıların paylanması isə qeyri-bərabər xarakter daşıyacaq. Bununla yanaşı, ÜMT-nin hesabatında qeyd olunur ki, qlobal iqlim dəyişikliyi El-Ninyonun yaranma tezliyinə təsir etməsə də, onun Sakit okean qasırğaları kimi fəlakətli nəticələrini daha da şiddətləndirə bilər.
Qeyd edək ki, hələ iyun ayının ortasından etibarən El-Ninyo fenomeninin Sakit okeanın tropik sularında aktivləşdiyi bildirilirdi. Həmin dövrdə mütəxəssislər dünyanın bir çox bölgələrində qeyri-adi isti hava dalğalarının və quraqlıq ehtimalının artması barədə məlumat vermişdilər.
visiontv.az