Zalujnı Zelenskiyə şəxsən bildirdi: 'Prezidentliyə namizəd olacağam'
03.07.2026

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı prezident Volodimir Zelenskiyə dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Bu barədə "Ukrayinska pravda" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, iyunun ortalarında Zelenski Prezident Ofisinin rəhbəri Kirilo Budanov, onun müavini Oleq Tatarov, "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya, müdafiə naziri Mixaylo Fyodorov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla qapalı görüş keçirib.

"Ukrayinska pravda"nın məlumatına görə, görüşdə 2026-cı ilin payızında prezident seçkilərinin keçirilməsi imkanları müzakirə edilib. Buna səbəb qapalı sosioloji sorğunun nəticələri olub. Həmin araşdırmaya əsasən, Zelenskinin reytinqindəki geriləmə dayanıb, ona dəstək isə yenidən cüzi artmağa başlayıb.

Nəşrin iddiasına görə, sorğunun nəticələrinə əsasən, birinci turda seçicilərin 33 faizi Zelenskiyə, 22 faizi Zalujnıya, 14 faizi isə Budanova səs verməyə hazırdır. Bununla belə, ikinci turda Zelenski hələlik Zalujnıya uduzur — 32 faizə qarşı 37 faiz.

Məlumata görə, Zelenski potensial rəqibinin planlarını öyrənmək məqsədilə hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan Zalujnını Kiyevə çağırıb. Görüş üçün rəsmi bəhanə kimi Böyük Britaniyanın baş naziri Kir Starmerin mümkün istefasına hazırlıq məsələsi göstərilib. Mənbələr iddia edir ki, Zelenski Zalujnıdan payızda seçkilər keçiriləcəyi təqdirdə namizəd olub-olmayacağını soruşub. Zalujnı isə cavabında qısaca: "Bəli, olacağam", — deyib.

visiontv.az