Rusiya rəsmilərindən biri Zəngəzur dəhlizi ilə bağlı qəribə iddia irəli sürüb. Söhbət Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun son açıqlamasından gedir.
Belə ki, Şevtsov hesab edir ki, “Tramp marşrutu”nun Ermənistan ərazisindən keç(iril)məsi İran sərhədi yaxınlığında ABŞ hərbçilərinin, özəl hərbi şirkətlərin və kəşfiyyat infrastrukturunun yerləşdirilməsi üçün şərait yarada bilər.
Onun sözlərinə görə, bu halda layihənin həyata keçirilməsi ABŞ-a Ermənistan ərazisində müvafiq infrastruktur yerləşdirmək üçün potensial imkan yaradacaq.
Donald Trampın Stiv Uitkoffun Azərbaycan-Ermənistan sülh prosesinə və TRIPP marşrutuna həsr olunmuş məqaləsini özünün sosial şəbəkə hesabında paylaşdığı bir məqamda, Rusiya rəsmisi bununla nə demək istəyir?
Şevtsovun demək istədiyi əsas fikir budur ki, Moskva Zəngəzur dəhlizi (“Tramp marşrutu”) layihəsini təkcə nəqliyyat xətti kimi yox, həm də geosiyasi və təhlükəsizlik riski kimi görür. Və əgər həmin marşrut Ermənistan ərazisindən keçərsə, bu, ABŞ-a regionda daha güclü fiziki və institusional mövqe yaratmaq imkanı verə bilər. Nəticədə İran sərhədinə yaxın ərazidə ABŞ hərbçiləri, özəl hərbi şirkətlər, kəşfiyyat və müşahidə infrastrukturu yerləşdirilə bilər.
Yəni Rusiya tərəfi bu layihəni sadəcə yol və ya dəmir yolu kimi deyil, ABŞ-ın Cənubi Qafqazda hərbi-siyasi dayağının genişlənməsi kimi təqdim edir.
Bəs, ruslar nə üçün məsələyə məhz bu prizmadan yanaşır?
Rusiyanın özünü İran təəssübkeşi kimi göstərib belə iddialarla çıxış etməsində 3 məqsəd var:
1-cisi ABŞ-ın bölgəyə gəlişini təhlükə kimi göstərməkdir. Moskva regionda Qərbin təsirinin artmasını öz maraqlarına zidd sayır.
2-cisi İranın narahatlığını gücləndirməkdir. Çünki İran üçün sərhəd yaxınlığında ABŞ infrastrukturunun olması çox həssas məsələdir. Rusiya bu narahatlığı qabardaraq Tehranla eyni xəttdə dayandığını göstərməyə çalışır.
3-cüsü isə, Zəngəzur dəhlizinin nəqliyyat deyil, hərbi layihə olduğu təəssüratını yaratmaqdır. Bunda da məqsəd layihəyə etimadı azaltmaq və ona qarşı regional müqaviməti artırmaq ola bilər.
Bütün bunlar gerçəkdə nə dərəcədə mümkündür?
Bu tip açıqlamalarda çox vaxt birbaşa fakt yox, ehtimal və siyasi şərh öndə olur. Yəni Şevtsovun dediyi şey "mütləq belə olacaq" demək deyil. O, daha çox belə bir ssenarini irəli sürərək xəbərdarlıq edir. Bu da Kremlin ənənəvi hiyləgər metodlarından biridir.
Başqa sözlə desək, Kreml məhz Şevtsovun dili ilə, “ABŞ mütləq orada hərbi baza quracaq” demir, amma “belə bir dəhliz bu cür nəticələrə yol aça bilər” mesajını verir.
Bu açıqlama həm də Rusiyanın klassik mövqeyini göstərir: Moskva Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının öz nəzarətindən çıxmasını istəmir. Ona görə də ABŞ-ın mümkün iştirakı dərhal NATO təsiri, kəşfiyyat fəaliyyəti və İran əleyhinə platforma kimi təqdim olunur.
Rusiya rəsmisinin “Zəngəzur dəhlizi iqtisadi dəhliz deyil, bu, ABŞ-ın Ermənistan üzərindən İran sərhədinə yaxınlaşması və bölgədə hərbi-kəşfiyyat mövqeyi qazanması üçün alət ola bilər" mesajı həm İranı Ermənistanın üzərinə qısqırtmağa, həm də molla rejimini Moskvanın qarmağında saxlamağa xidmət edir.
Yəni ki, Rusiya rəsmisinin İranın "vəkil"i rolunda çıxış etməsi səbəbsiz deyil. Kreml ilanı həmişə Seyid Əhməd əli ilə tutmağa çalışır. Bu, Kremlin köhnə şakəridir.
Bəybala Mirzəyev
visiontv.az