İran rejimi geosiyasi tələdədir
14.07.2026

Onun hər addımı çıxış deyil, daha dərin bataqlıq yaradır.

Yaxın Şərqdə baş verən hadisələr bir daha göstərir ki, İran rejimi uzun illər qurduğu geosiyasi strategiyanın ən çətin mərhələsinə daxil olub. ABŞ-ın İranın hərbi obyektlərinə endirdiyi son zərbələr, Hörmüz boğazında artan gərginlik və beynəlxalq təzyiqlərin genişlənməsi Tehranın manevr imkanlarını əvvəlki dövrlərlə müqayisədə xeyli məhdudlaşdırıb.

İran rəhbərliyi hesab edirdi ki, Hörmüz boğazı onun ən böyük strateji üstünlüyüdür. Dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi bu marşrut illərdir Tehran üçün siyasi təzyiq vasitəsi sayılırdı. Lakin son hadisələr göstərir ki, bu kart artıq əvvəlki qədər effektiv deyil. ABŞ və müttəfiqləri bölgədə hərbi mövcudluğunu artırır, alternativ logistika marşrutları müzakirə olunur və İranın hər yeni addımı daha sərt reaksiyalar doğurur.

ABŞ-ın İran rejiminə qarşı son hərbi əməliyyatları da məhz bu fonunda həyata keçirildi. Vaşinqton İranı beynəlxalq gəmiçiliyi təhlükə altına salmaqda ittiham edir və cavab olaraq hərbi hədəflərə zərbələr endirir. İran isə cavab addımları ilə öz mövqeyini qorumağa çalışsa da, nəticədə diplomatik təcrid daha da dərinləşir, iqtisadi təzyiqlər artır və regionda risklər yüksəlir.

Bu gün İran paradoksal vəziyyətlə üz-üzədir. Geri çəkilmək daxildə zəiflik kimi görünə bilər. Eskalasiyanı davam etdirmək isə yeni sanksiyalar, yeni hərbi risklər və daha ağır iqtisadi nəticələr yarada bilər. Məhz buna görə də rejim elə tələyə düşüb ki, nə qədər çıxmağa çalışırsa, bir o qədər də tələnin çənələri sıxılır.

Hörmüz boğazı ətrafında baş verən son hadisələr göstərir ki, artıq söhbət təkcə İran və ABŞ qarşıdurmasından getmir. Bu proses qlobal enerji bazarlarına, beynəlxalq ticarətə və Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir və hər yeni insident neft qiymətlərini, dəniz daşımalarını və dünya iqtisadiyyatını risk altında qoyur.

Bütün bunların fonunda İran rəhbərliyi əvvəlkindən daha mürəkkəb seçim qarşısındadır. O bilir ki, əgər təzyiq siyasətini davam etdirsə, yeni qarşıdurmalar qaçınılmaz olacaq, əgər geri addım atmaq istəsə, illərlə qurduğu “müqavimət” siyasəti kökündən sarsılacaq. Məhz buna görə İran hazırda geosiyasi baxımdan son illərin ən çətin mərhələsini yaşayır və atdığı hər addım onu çıxış yoluna deyil, daha mürəkkəb bir geosiyasi tələyə yaxınlaşdırır.

Sadiq İsabəyli

visiontv.az