İran mollası: “Azərbaycanın Zəngəzurla bağlı razılaşması ABŞ və İsrailin təxribatıdır”
28.07.2025

İranın ali rəhbərinin Kaşan şəhərindəki nümayəndəsi və cümə imamı Seyid Səid Hüseyni ötən gün cümə namazındakı xütbəsində Azərbaycanın Zəngəzur dəhlizi layihəsini “Amerika və İsrailin təxribatı” kimi təqdim edərək əsassız iddialar səsləndirib.

Onun fikrincə, ABŞ, Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı razılaşma İrana qarşı təxribatdır.

Hökumət mollası, habelə, Azərbaycanın xarici siyasətinin “İslam düşmənlərinin təsiri” altında olmaqda ittiham edərək, ölkənin İslam dəyərlərindən "uzaqlaşdığını” iddia edib.

Zəngəzur dəhlizinin İran üçün təhlükə yaratdığını vurğulayan din xadimi, İrana yaxın olan Ermənistanla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib və bu dəhliz planına qarşı çıxmağın İranın strateji maraqları üçün vacib olduğunu iddia edib. (Rasanews)

Qeyd edək ki, Xameneyinin nümayəndəsinin ABŞ və İsrailə qarşı ritorikası və bölgədəki prosesləri sanki qlobal “təxribat” kimi qələmə verməsi İranın qonşu ölkələrlə dialoq və əməkdaşlıq siyasətinə ciddi mənfi təsir göstərir.

visiontv.az