Mənim həqiqətlərim: Fikirləşdikləri ssenariyə baxın
Mənim həqiqətlərim: Fikirləşdikləri ssenariyə baxın
15.12.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Putinin ideoloji "atası" Duqin diqqətimi cəlb edən məqaləsini oxudum. Məqaləni oxuduqca Putinlə Trampın mehribançılığını anlamaq olur.

Aleksandr Duqin məqalədə MAGA strategiyasına əsaslanan mövzunu şərh edərək yazır ki, Tramp G7 və qloballaşmadan kənarda böyük güclərə C5-ə əsaslanan çoxqütblü dünya qurmağa cəhd edir. O bildirir ki, Tramp zəifləmiş G7-ni - yəni Avropanı, C5-ə, yeni daha güclü ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya ilə əvəz etmək istəyir.

Yəni Duqinə görə Trampın (MAGA) təqdim etdiyi C5 modeli qlobalizmdən fərqli olaraq real geosiyasi və iqtisadi gücə malik dövlətləri bir araya gətirən "çoxqütblü kluba” çevrilmək potensialı daşıyır. Və bu Avropadan asılı olmayan yeni qlobal nizamın əsasını təşkil edə bilər.

P.S Yəni şəxsi bir şey yoxdur, (Ukrayna və Avropa batsa da batsın) sadəcə biznesdir)

***

Oxşar proseslərə fərqli baxış: Avropadan Azərbaycan və Ermənistan niyə fərqli görünür?

***

Futbola baxmıram, həvəskarı da deyiləm. Oxuduğumdan belə anladım ki hamı Qurban Qurbanovu Nəriman adlı futbolçuya görə tənqid edir. Nahaq yerə tənqid edirlər. Kulubda hamısı əcnəbi oyunçulardır. Bu isə heç də yaxşı hal deyil. Bir yandan da deyinirik ki, azərbaycanlı futbolçu yoxdur. Olması üçün oynatmaq, təcrübə toplamaq lazımdır. Bunu da səviyyəli oyunlarda etmək mümkündür. Ona görə Qurban Qurbanov duz edir milli oyunçular buraxır oyuna. Qarabağ bu sezon zatən maksimum nəticə verib. Yoxsa fikirləşirsiniz Avropa kubokunu qazanacaq? Məncə ona hələ var. Tezdir kubok almaq. Amma bu gün verilən nəticə məncə maksimumdur. Və milli oyunçularımız üçün də böyük təcrübədir.

***

ABŞ-dən ATƏT-ə xəbərdarlıq: Üzv ölkələrin daxili işlərinə qarışmayın.

 

***

Fikirləşdikləri ssenariyə baxın. Varlı biri pinəçinin arvadının yanına getmək üçün gecə sürücüsünün ayaqqabısını cırıb onun yanına göndərir. Ki, pinəçi ayaqqabıya yamaq vurana kimi bu da onun arvadı ilə sevişsin.

Və bu serial ssenarisidir. Özü də ciddi telekanalda verirlər. Nə deyim.

***

Mətbuatda, telekanallarda təsadüfən deyilən və yaxud yazılan əcnəbi sözlərin monitorinqini aparırlar. Düz edirlər. Bəs nazirliklərdə, rəsmi qurumlarda vətəndaşla rus dilində danışan mama uşaqların, "elita"nın monitorinqini aparan var? Yoxsa onlar nəzərə alınmır.

Şöhrət El-Dəniz

visiontv.az