İran mollası Azərbaycanda etirazların davamına çağırış etdi
15.10.2026

Qum şəhərində fəaliyyət göstərən Ayətullah Məhəmmədcavad Fazil Lənkərani Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydalarını hicabın qadağan edilməsi kimi qələmə verərək, Azərbaycan dövlətinə qarşı sərt ittihamlar səsləndirib.

O, Azərbaycanda hicablı şagird və müəllimlərin təhsildən kənarlaşdırıldığına dair iddialara istinad edərək, bu yanaşmanı əhalinin müsəlman və şiə kimliyinə zidd adlandırıb.

Lənkərani hicabı İslamın təbliğinin mühüm vasitələrindən biri kimi xarakterizə edib və hicaba qarşı çıxanların, onun fikrincə, Allaha, Qurana və İslama qarşı çıxdığı iddiasını irəli sürüb.

Molla Azərbaycan dövlətinə müraciətində dinlə qarşıdurmanın hakimiyyətin məhvinə gətirib çıxaracağını bildirib. O, Azərbaycanda hicab məsələsi ətrafında etirazların davam etdirilməsinə çağırıb və İran rəsmilərindən də Azərbaycan hökumətinin addımlarını pisləməyi tələb edib.

Hökumət mollası yenə əlinə mikrofon alıb Azərbaycana hədə-qorxu gəlməklə özünü siyasi hakimiyyətin sahibi kimi aparır. Özünü ilahi həqiqətlərin müstəsna nümayəndəsi sayan bu cənab unudur ki, əmmamə taxmaq heç kimə başqa bir dövlətə hökm oxumaq səlahiyyəti vermir. Azərbaycanı dinlə hədələmək asandır, ancaq dini siyasi alətə çevirib başqalarına mənəviyyat dərsi keçmək əslində təbliğat tamaşasından başqa nədir? Görünür, İranda bəzi mollalar özlərini o qədər vacib hesab edirlər ki, hətta Azərbaycanın daxili işlərinə də ilahi mandatla qarışdıqlarını düşünürlər.

visiontv.az