İran millisinin Dünya Kubokuna səfəri hələ də qeyri-müəyyəndir
26.05.2026

Gunaz TV-nin məlumatına görə, 2026 Dünya Kubokunun başlamasına üç həftədən az vaxt qaldığı halda, İran milli futbol komandası hələ də ABŞ vizasını ala bilməyib və komandanın turnirdə iştirakı ilə bağlı qeyri-müəyyənlik davam edir.

Məlumatlara əsasən, İran millisi hələ ABŞ-a yollanmayıb və hazırda Türkiyədə hazırlıq düşərgəsindədir. Komanda üzvləri ABŞ vizası üçün Ankaradakı səfirliyə müraciət ediblər.

İran Futbol Federasiyası açıqlayıb ki, indiyədək nə futbolçular, nə də texniki heyət üçün hər hansı viza verilməyib. Turnirin başlanmasına az vaxt qalması bu məsələ ilə bağlı narahatlığı artırıb.

Milli komanda üzvlərinin Kanada vizası üçün də müraciət etdiyi bildirilir. Bununla belə, İranın qrup mərhələsindəki bütün oyunlarının ABŞ-da, o cümlədən Los-Anceles və Sietldə keçirilməsi planlaşdırılır.

İranla ABŞ arasında diplomatik münasibətlərin olmaması viza prosesini daha da çətinləşdirib və Tehran bu proseduru Türkiyə vasitəsilə həyata keçirməyə məcbur qalıb.

FIFA və İran futbol rəsmilərinin məsələni izlədiyi bildirilsə də, vizaların nə vaxt veriləcəyi və komandanın səfər proqramı ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.

visiontv.az