Azərbaycanın Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib
26.05.2026

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda Pakistan Senatının sədri  Syed  Yousaf  Rza Gillani və bu ölkənin kommunikasiya üzrə federal naziri  Abdul  Aleem  Xan, digər federal və vilayət nazirləri, senatorlar, xarici ölkələrin  Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, media təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir  Xəzər Fərhadov 108-ci ildönümü qeyd olunan  Azərbaycan Demokratik  Respublikasının (ADR) keçdiyi müstəqillik yolu haqqında məlumat verib. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, parlament, hökumət, dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, həmçinin Azərbaycanın milli dövlətçilik tarixində demokratik ənənələrin əsası qoyulub.

Səfir əlavə edib ki, Azərbaycan  Xalq  Cümhuriyyətinin hüquqi varisi olan müstəqil  Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində öz suverenliyini qoruyub saxlaya bilib. Həmin siyasət hazırda Prezidentiİlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diplomat  Pakistanın  Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu xatırlayaraq, Azərbaycan və  Pakistan arasında münasibətlərin xüsusi xarakter daşıdığını, iki ölkə arasındakı əlaqələrin qarşılıqlı etimad, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. O, Azərbaycan və  Pakistanın bir-birini həm ikitərəfli formatda, həm də regional və beynəlxalq platformalar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəklədiyini diqqətə çatdırıb.

Pakistanın kommunikasiya üzrə federal naziri  Abdul  Aleem  Xan Müstəqillik Günü münasibətilə  Azərbaycan hökumətini və xalqını  Baş nazir Məhəmməd Şahbaz Şərif, Pakistan höküməti və şəxsən öz adından ürəkdən təbrik edib. İki ölkə arasındakı qardaşlıq münasibətləri barədə danışan federal nazir bu əlaqələrin sarsılmaz təməllərə söykəndiyini bildirib.

Pakistan Senatının sədri  Seyid  Yusuf  Rza Gilani də  Azərbaycan hökuməti və xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik edib. Azərbaycan-Pakistan parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini bildirən  Senat sədri iki ölkə arasında mövcud olan qarşılıqlı anlaşma və həmrəyliyin diqqətəlayiq olduğunu vurğulayıb.

visiontv.az