Rusiyada məğlubedilməz duel iştirakçısı Kərim xan İrəvanski
12.12.2025

Rusiya imperiyasında Xan İrəvanski adı ilə tanınan Kərim Abbasqulu xan İrəvanski 15 noyabr 1883-cü ildə İrəvanda anadan olub. Onun ailəsi Qacar xanədanının İrəvan qolundan idi və anası Naxçıvanlı Tərlan xanım Bayazitin qəhrəmanı general İsmayıl xanın qızı idi. Qardaşı İrəvanlı Ağa xan Rusiya İmperiyasının Birinci Dövlət Dumasının İrəvan quberniyasından deputat idi.

Kərim xan uşaqlığının çox hissəsini Naxçıvanda, ana tərəfdən babası İsmayıl xanın mülkündə keçirdi. İsmayıl xanın bütün ailəsi irsi hərbçi idi. Belə bir mühitdə böyüyən Kərim, Rusiyanın aparıcı süvari məktəbi olan Nikolaevski Kadet Korpusunun yerləşdiyi Sankt-Peterburqda təhsil alıb..

Qeyd edim ki, Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvana geri qayıdan Kərim bəy, əhalini erməni dəstələrinin hücumlarından qorumaq üçün könüllü döyüşçülərə rəhbərlik edib. 1919-cu ildə yaradılmış Cənub-Qərbi Azərbaycan general-qubernatorluğunda, qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.

Kərim bəy Rusiya İmperiyası ərazisində tanınan duel iştirakçısı idi. Qafqaz-Türk qanı Çar ordusunda mental dəyərləri aşağılayan sözlərə görə neçə neçə adamı duelə çağırıb və hamısından da qalib ayrılırdı.

Rusiya imperiyası hərb tarixində Kərim bəyin bir dueli böyük səs küyə səbəb olmuş idi. Onun leytenant Lev Lvoviç Jirar de Sukanto ilə dueli orduya ildırım kimi yayılır. Qeyd edim ki, gənc leytenant imperiya ordusunun general-mayoru Lev Fyodoroviç Jirar de Sukantonun oğlu idi.

İki şəxs arasında duelə Kuirassier Alayının Zabitlər Cəmiyyəti və Baltik Donanmasının Dəniz Vasitəçiləri Məhkəməsi icazə vermiş idi. Onlar hesab etdilər ki, vəziyyətdən yeganə çıxış yolu bu idi.

Əksər mənbələr yazırlar ki, guya bu duelə səbəb Kərim xanla Jirar de Sukanto arasında qadın söhbətidir. O, dövrdə hər iki hərbiçi də evli idi və bunun qadın söhbəti üzərində edilməsi inandırıcı deyildi. Rast gəldiyim ciddi mənbələr yazırlar ki, duelə səbəb sonradan knyaz imperator III Aleksandrın oğlu, II Nikolayın kiçik qardaşı olan Mixail Aleksandroviçin həyat yoldaşı olan Nataliya Vulfert olub.

O dövrdə onun əri Vladimir və Kərim bəyin knyaz Mixailin adyutantı olmaq məsələsi gündəmdə idi və qadın Kərim bəyin şansı çox olduğu üçün belə şayiə yayır ki, guya Jirar de Sukanto Kərim bəyin xanımı barədə nalayiq sözlər işlədib. Digər mənbə yazır ki, guya Jerar gedib Kərim bəyin xanımı İnna irəvanlıya məlumat verib ki, onun ərinin knyazın keçmiş xanımı Brasova ilə münasibəti var.

Bu məsələ isə yalnız qan ilə yuyula bilərdi və nəticədə 1912-ci ilin aprel ayının 25-də duel təşkil edilir..Dueldə ilk atəş açan Kərim xan Sukantonu sağ döş qəfəsindən yaralayır.

Bu hadisədən sonra Kərim bəyi həmin hərbi hissədən qovurlar və o yenidən 1914-cü ildə birinci dünya müharibəsində poruçik kimi xidmətə başlayır və çoxsaylı qəhrəmanlıqlar edir. Dəfələrlə mükafatlar alır.

1919-cu ildə bolşeviklərə qarşı döyüşlərdə 33 yaşlı Kərim İrəvanski öldürülür və Nalçikdə dəfn edilir.

Prof. Dr. Zaur Əliyev

visiontv.az