İran Ali Milli Təhlükəsizlik Şurasında struktur dəyişikliyi olacaq
02.08.2025

İranın Ali Milli Təhlükəsizlik Şurasında struktur dəyişiklikləri olmaqdadır və “Müdafiə Şurası” adlı yeni şura yaradılır.

Bu haqda SEPAH-a yaxın "Fars" xəbər agentliyi məlumat yayıb.

İranın müdafiə siyasəti sahəsində strateji missiyaları yerinə yetirməsi nəzərdə tutulan yeni qurumun strukturu yaxın vaxtlarda yekunlaşacaq və onun diqqəti ölkənin əsas və müdafiə sənədlərində qərarların qəbuluna yönələcək.

Dəyişikliklər fonunda keçmiş parlament sədri və hazırda İran rəhbəri Əli Xaməneinin siyasi müşaviri olan Əli Laricaninin bu vəzifəyə gətiriləcəyi ehtimal olunur. 

Bildirilir ki, yaxın günlərdə Əli Laricani şuranın katibi postunu təhvil alacaq. Hazırkı katib Əli Əkbər Əhmədian isə ölkənin strateji sənədlərinə nəzarət funksiyasını öz üzərinə götürəcək.

Konstitusiyanın 176-cı maddəsinə əsasən, bu dəyişikliklərin Məsud Pezeşkianın qatı rəqibi Səid Cəlilinin Təhlükəsizlik Şurasından kənarlaşdırılması ilə müşayiət olunacağı ehtimal edilir.

Bundan əvvəl Ali Milli Təhlükəsizlik Şurasına yaxın media orqanı olan "Noor news" saytı ölkənin yüksək təhlükəsizlik qurumlarının strukturunda dəyişikliklərin mümkünlüyü barədə məlumat vermişdi.

visiontv.az