FIFA prezidenti Canni İnfantino bildirib ki, İran 2026-cı il futbol üzrə dünya çempionatında "mütləq" iştirak edəcək və ABŞ-də oyunlara çıxacaq. Bunu o, Kanadanın Vankuver şəhərində keçirilən FIFA konqresində deyib. Konqresə İranın nümayəndə heyəti qatılmayıb – onların gəlişi zamanı hava limanında insident yaşanıb.
"Əlbəttə ki, İran 2026-cı il FIFA Dünya Çempionatında iştirak edəcək və oyunlarını Amerika Birləşmiş Ştatlarında keçirəcək", – İnfantino aprelin 30-da bildirib. "Bunun səbəbi çox sadədir – biz birləşməliyik. Bu, mənim məsuliyyətimdir, bizim məsuliyyətimizdir".
ABŞ prezidenti Donald Tramp isə İranın dünyanın ən çox izlənilən idman tədbirində iştirakına etiraz etmədiyini bildirib: "Əgər Canni belə deyibsə, mən razıyam. Canni belə dedi? Bilirsiniz nə var? Qoy oynasınlar. Canni möhtəşəm adamdır, mənim dostumdur".
İran iyunun 11-dən iyulun 19-dək keçiriləcək turnirə vəsiqə qazanıb, lakin ABŞ və İsrailin İranla müharibəsi fonunda ölkənin iştirakı sual altına düşüb. Tehran ABŞ-dəki oyunlarının alternativ məkanlara keçirilməsini istəsə də, bu tələb rədd edilib.
İran Futbol Federasiyasının rəsmiləri bildiriblər ki, bu həftə Torontonun əsas hava limanına gəldikdən sonra Kanada immiqrasiya əməkdaşlarının "uyğunsuz davranışı" səbəbindən ölkəni tərk ediblər. Onların arasında İranın sərt xətt tərəfdarı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş üzvü də olub.
Rəsmilər dünya çempionatı öncəsi Vankuverdə keçiriləcək FIFA toplantısında iştirak etməli idilər.
Kanadanın ictimai təhlükəsizlik naziri Qeri Anandasanqari bildirib ki, məxfilik qanunlarına görə konkret halları şərh edə bilməz, lakin əlavə edib ki, SEPAH üzvləri Kanadada arzuolunan deyil.
İranın 'Tasnim' xəbər agentliyinin məlumatına görə, federasiya prezidenti Mehdi Tac və baş katib Hidayət Mombeni də daxil olmaqla, nümayəndə heyətinin vizaları olsa da, immiqrasiya əməkdaşlarının "uyğunsuz rəftarı" səbəbindən ölkəyə girməkdən imtina ediblər.
Nümayəndə heyəti aprelin 30-da keçiriləcək FIFA Konqresi üçün Vankuverə getməli idi. Tədbirdə 2026-cı il Dünya Çempionatı ərəfəsində 211 üzv assosiasiyanın təmsilçiləri bir araya gələcək. Bu il çempionata Kanada, ABŞ və Meksika birgə ev sahibliyi edəcək.
İran Futbol Federasiyası bildirib ki, hava limanındakı immiqrasiya əməkdaşlarının davranışı və "İran xalqının silahlı qüvvələrinin ən şərəfli qurumlarından birinə qarşı təhqiramiz münasibət" səbəbindən nümayəndə heyəti ilk reyslə Türkiyəyə qayıdıb.
ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan İranın dünya çempionatında iştirakı sual altındadır. İran millisinin ilk üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır.
ABŞ dövlət katibi Marko Rubio ötən həftə deyib ki, İran futbolçularının iştirakı arzuolunandır, lakin ABŞ nümayəndə heyətinin SEPAH-la əlaqəli saydığı üzvlərinin ölkəyə girişinə icazə verməyəcək. ABŞ və bir sıra digər hökumətlər SEPAH-ı terror təşkilatı kimi tanıyır.
visiontv.az