“İnam azaldı: 12 günlük müharibənin İran-Rusiya münasibətlərinə təsiri”
11.09.2025

“İran diplomatiyası” saytındakı məqalədə 12 günlük müharibədə ABŞ-İsrail hərbi kampaniyasının İran və Rusiya arasındakı münasibətlərə ciddi zərbə vurduğu bildirilib.

Məqalədə vurğulanıb ki, müharibə Moskva və Tehran arşında uzun müddət qurulan strateji tərəfdaşlığa dair inamın azaldığını göstərib.

Saytın yazıdığına əsasən, ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbə endirdiyi zaman Rusiyanın susqun qalması və müdafiə etməməsi Tehran tərəfindən Moskva ilə münasibətlərin soyuqlaşması kimi qəbul edilib. İranın strateji müttəfiqi kimi tanınan Rusiya, bu hücumlar zamanı real dəstək göstərməyib və bu da İran daxilində Rusiyaya olan inamı ciddi şəkildə sarsıdıb.

Məqalədə xatırladılıb ki, 2024-cü ilin dekabrında Suriyada Bəşar Əsəd rejiminin devrilməsi ilə Moskva Yaxın Şərqdəki əsas strateji müttəfiqlərindən birini itirib. Bu, İranın da regional təsir imkanlarını zəiflədir, çünki Rusiya üçün Tehranla əməkdaşlıq bu boşluğu doldurmaq üçün əsas vasitələrdən biri olub. Ancaq İranın zəifləyən hərbi və iqtisadi durumu, eləcə də Rusiya tərəfindən yetərli dəstək görməməsi Moskvanın Yaxın Şərqdəki təsir imkanlarını daha da məhdudlaşdırıb.

Sitat: “12 günlük müharibədən sonra İranın Rusiyadan Su-35 qırıcıları almaq planını təxirə salaraq Çin istehsalı olan J-10C qırıcılarına yönəlməsi iki ölkə arasındakı hərbi əməkdaşlığın zəifləməsinin əlaməti kimi göstərilir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinə fokuslandığı üçün İrana silah tədarükündə məhdudiyyətlər yaranıb, bu isə Tehranı alternativ tərəfdaşlara yönəldib... Tehranı narahat edən əsas məsələlərdən biri Tramp administrasiyasının mümkün ikinci dövründə Moskva-Vaşinqton münasibətlərinin yumşalmasıdır. Tehran narahatdır ki, bu yaxınlaşma İrana qarşı təzyiqlərin artmasına və onun strateji əhəmiyyətinin azalmasına gətirib çıxara bilər. Xüsusilə də Rusiya ilə Qərb arasında İran məsələsində mümkün razılaşmalar İranın nüvə proqramına və regional mövqeyinə ciddi təsir edə bilər...

Bütün bu fikir ayrılıqlarına baxmayaraq, İran və Rusiya, Cənubi Qafqazda əməkdaşlıq etmək məcburiyyətindədir. Onların ortaq maraqları, xüsusilə alternativ ticarət dəhlizləri qurmaq istiqamətində üst-üstə düşür. Bununla belə, bir-birinə qarşı olan tarixi inamsızlıq və təhlükəsizlik məsələlərindəki fərqlər onların münasibətlərinin daha da dərinləşməsinə mane olur...”.

visiontv.az